Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Nicat Qocayev və Aslan Həsənli ilə görüş keçirib.

"Unikal" xəbər verir ki, nazir qaliblərlə söhbət zamanı onların şəxsi inkişaf məqsədlərini, innovativ layihələrə yanaşmalarını, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyət sahələrindəki perspektivli imkanları müzakirə edib. Müzakirələrdə müsabiqə qaliblərinin peşəkar bacarıqlarının daha da təkmilləşdirilməsi, innovativ təşəbbüslərə cəlb olunması perspektivləri önə çıxıb.

Qaliblər Mentorluq Proqramından gözləntilərini və gələcək hədəflərini təqdim ediblər.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.