ABŞ Müdafiə Nazirliyi Ermənistana mümkün hərbi texnikanın ötürülməsi ilə bağlı Rusiyanın RT agentliyinin yaydığı məlumatı şərh etmir.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) açıqlayıb.
"ABŞ Ermənistanla münasibətlərimizi yüksək qiymətləndirir. Müdafiə Nazirliyi əməliyyat təhlükəsizliyi mülahizələrinə görə hərbi texnikanın hərəkətini şərh etmir", - məlumatda qeyd olunub.
Ermənistan Müdafiə Nazirliyi hələlik bu barədə rəsmi cavab verməyib.
Xatırladaq ki, daha əvvəl Rusiyanın RT xəbər agentliyi ABŞ Ordusunun Logistika Komandanlığının mümkün erməni-amerikan hərbi təlimləri üçün Almaniyanın Dülmen hərbi bazasından Ermənistana hərbi texnika və müxtəlif növ texnika daşımağı planlaşdırdığı barədə məlumat yayıb.
Məlumatlara görə, avadanlığın köçürülməsi iyulun 16-dan avqustun 7-dək, Almaniyaya qaytarılması isə avqustun 21-dən sentyabrın 20-dək nəzərdə tutulub.
Bildirilir ki, diplomatik icazələrin mürəkkəbliyi səbəbindən nəqliyyat marşrutu Rusiya, Türkiyə və ya Azərbaycan ərazisindən keçə bilmədiyi üçün texnika Gürcüstan ərazisindən keçməklə Ermənistana daşınacaq.
***12:21
ABŞ yüzlərlə texnika və nəqliyyat vasitəsini Almaniyadakı bazalarından Ermənistan poliqonlarına köçürmək istəyir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.
Bildirilir ki, texnikanın daşınması Gürcüstan ərazisindən həyata keçiriləcək. Proses iyulun 16-na planlaşdırılıb və avqustun 7-dək davam etməlidir.
"Ümumilikdə nəqliyyat vasitələri, generatorlar və ixtisaslaşdırılmış konteynerlər də daxil olmaqla 151 ədəd texnikanın daşınması planlaşdırılır", - məlumatda deyilir.
Rusiya hərbi elmlər doktoru Konstantin Sivkovun fikrincə, Amerika qoşunlarının Ermənistandakı fəaliyyəti ABŞ-nin Cənubi Qafqazda təsirini gücləndirməyə şərait yaradır.
Gülayə Mecid