Ermənistan Parlamentinin Xarici Əlaqələr üzrə Daimi Komitəsinin sədri Sarkis Xandanyan azərbaycanlı həmkarına iki ölkənin sərhədində parlament komitələrinin iclasının keçirilməsini təklif edib.
"Unikal" xəbər verir ki, o bu barədə sosial şəbəkələrdə məlumat verib.
Xandanyan xatırladıb ki, Ermənistan və Azərbaycan “Sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında” saziş layihəsi üzrə danışıqları başa çatdırıb. İmzalanandan sonra bu sənəd hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilməlidir.
“Ermənistan parlamentinin Xarici əlaqələr komitəsinin sədri kimi mən həmkarım, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidova komitələrimizin birgə iclasının keçirilməsini təklif etmişəm”, - Xandanyan qeyd edib.
Onun sözlərinə görə, belə görüş sülh sazişi layihəsi və onun ratifikasiya prosesi ilə bağlı fikir mübadiləsi aparmağa, həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlıqda parlamentlərin rolunu müzakirə etməyə imkan verəcək.
O bu təşəbbüsün ölkələr arasında etimadı artıran digər tədbirləri tamamlayacağına və regional sabitliyə töhfə verəcəyinə əminliyini ifadə edib.