Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində evdə tək qalan körpə anaya qaytarılmayıb, hazırda Tovuz Rayon Xəstəxanasında olan azyaşlı bu gün Bakıya gətirilərək dövlət uşaq müəssisəsinə yerləşdiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Tovuz rayonunda evdə tək qalan azyaşlı körpə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ,Tovuz Rayon İcra Hakimiyyəti və DİN-nin rayon polis şöbəsi ilə birlikdə dərhal araşdırma aparılıb, körpənin həyat və sağlamlığı, təhlükəsizliyi üçün tədbirlərə başlanılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinə verilən sorğu əsasında körpənin ailəsi ilə bağlı məlumatlar əldə edilib. Məlum olub ki, Aygün Qədimova nikahdan kənar doğulan, evdə günlərdir tək saxlanılan 1 yaş 2 aylıq olan övladına sahib çıxmaq istəmir: “Hazırda Tovuz Rayon Xəstəxanasında olan azyaşlı körpənin sağlamlığı ilə bağlı hər hansı bir təhlükə yoxdur. O, bu gün Bakıya gətirilərək dövlət uşaq müəssisəsinə yerləşdiriləcək”.

Xatırladaq ki, Tovuz rayon Polis Şöbəsinə kənd ərazisində yerləşən mənzillərin birində valideyni tərəfindən tənha buraxılan azyaşlının olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar.

***12:44

"Tovuzda anası tərəfindən tərk edilmiş, ac, susuz qalan 1 yaş 2 aylıq körpə anasına verilməyib".

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

"Uşaq hazırda xəstəxanadadır, Bakıya köçürüləcək. Biz uşağı müvəqqəti Azərbaycan Uşaqlar Birliyinin sığınacağına qəbul etməklə bağlı məlumatı aidiyyəti qurumlara vermişik", - deyə K.Ağazadə qeyd edib.