"Paytaxtın köçürülməsilə bağlı müxtəlif rəsmi şəxslər tərəfindən təkliflər səsləndirilməkdədir".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, paytaxtın köçürülməsi və yeni şəhərin qurulması inanılmaz dərəcədə bahalı, uzunmüddətli prosesdir:

"Azərbaycanın iqtisadi ölçüsünü və dövlət büdcəsini nəzərə alsaq, belə bir addım real deyil. Bu tip köçürülmələrə dünya praktikasından baxsaq görərik ki, İndoneziya Cakartadan Nusantaraya köçürülməsi üçün 35 milyard dollar büdcə ayırıb. Misir yeni inzibati paytaxtına 58 milyard dollar sərf edir. Qazaxıstan isə paytaxtı Almatıdan Astanaya köçürəndə 30 milyard dollar xərc çəkib. Azərbaycan kimi ölkənin paytaxt köçürməsi üçün ən azı 30-40 milyard dollar, daha müasir şərtlərlə 50 milyard dollar vəsait lazımdır. Ölkənin hərbi gücünün davamlı artırılmasına və azad edilmiş ərazilərə qayıdışın təmin edilməsinə külli miqdarda maliyyə vəsaiti tələb edilən hazırkı şəraitdə  bu mövzunu gündəmə gətirmək məqsədəuyğun deyil. 

Amma bir gün ölkənin iqtisadi durumu buna imkan verərsə, o zaman bunu etmək olar. Onda da paytaxt elə əraziyə köçürülməlidir ki, nə Ermənistanla sərhədə, nə də İranla sərhədə yaxın olmamalıdır. Dünya təcrübəsində paytaxtlar potensial təhlükədən daha uzaq salınır".