Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması üzrə işlər davam edir.

"Unikal" xəbər verir ki, Memorial kompleksin təməli 2024-cü il fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub.

Dövlət başçısının Sərəncamına uyğun olaraq, Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması Mədəniyyət Nazirliyinə tapşırılıb. Hazırda ərazidə kompleksin tikinti işləri aparılır. Layihə üzrə dəmir-beton və dam örtüyü işləri artıq başa çatıb. Yaxın müddətdə daxili tərtibat prosesinə start veriləcək.

Xocalı Soyqırımı Memorial Kompleksinin kontenti Heydər Əliyev Fondunun hazırladığı dizayn konsepsiya əsasında qurulacaq. Heydər Əliyev Fondu tərəfindən yaradılacaq ekspozisiyada Xocalının tarixinə, 1992-ci ildəki qətliamdan əvvəl Xocalıdakı həyata, Xocalı soyqırımına dair faktlar yer alacaq. Burada, həmçinin faciə qurbanları ilə bağlı məlumatlar, Fondun “Xocalıya ədalət!” kampaniyası çərçivəsində faciənin dünyaya tanıdılması üzrə görülmüş işlər və s. əks olunacaq.