"İnformasiya təhlükəsizliyi artıq yalnız texniki məsələ deyil – bu, milli təhlükəsizlik, iqtisadi sabitlik və cəmiyyətin etimad məsələsidir. Rəqəmsallaşma dərinləşdikcə risklər də artır. Statistik göstəricilər göstərir ki, son beş ildə dünyada kiberhücumların sayı üç dəfədən çox artıb".

"Unikal" xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini general-mayor Allahverən İsmayılov sentyabrın 5-də Bakıda keçirilən “Dövlət Qurumları İnformasiya Təhlükəsizliyi Rəhbərlərinin 6-cı Zirvə Toplantısı”nda çıxışı zamanı deyib.

“Qlobal statistikalara diqqət etsək, görərik ki, 2024-cü ilin yalnız ilk yarısında dövlət qurumlarına yönəlmiş hücumların 40 faizdən çoxu kritik infrastruktur sistemlərinə qarşı olub. Bu tendensiya göstərir ki, hər bir zəiflik strateji riskə çevrilə bilər.

Ölkəmiz də bu qlobal proseslərin təsirindən kənarda deyil. Biz dövlət informasiya ehtiyatlarında təhlükəsizlik insidentlərinin səbəblərini təhlil edərkən görürük ki, əsas problemlərdən biri hələ də məlumatların sızmasıdır. Bu, yalnız texniki boşluqlardan deyil, həm də idarəetmə proseslərindəki zəifliklərdən qaynaqlanır. Təhlükəsizlik mədəniyyətinin hər bir dövlət qurumunda formalaşması, mütəmadi risk qiymətləndirmələrinin aparılması bu baxımdan həyati əhəmiyyət daşıyır.

Sevindirici haldır ki, artıq ölkəmizdə də beynəlxalq təcrübəyə uyğun olaraq ilk dəfə “Bug Bounty” (Baq Baunti) proqramı həyata keçirildi. Bu, dövlət qurumlarımızın açıq və əməkdaşlığa əsaslanan yanaşmaya keçid etdiyini göstərir. Belə təşəbbüs dövlət informasiya ehtiyatlarının təhlükəsizliyinin təmin olunmasında ictimai və peşəkar potensialın birləşdirilməsinin bariz nümunəsidir. Çünki müasir dünya da kibertəhlükəsizlik yalnız qapalı sistemlərin müdafiəsi deyil, həm də ekspert icmaları ilə əməkdaşlıq deməkdir”, - deyə Allahverən İsmayılov əlavə edib.