Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə Bakı şəhərinin bir sıra təhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərləri ilə görüş keçirilib. Ənənəvi görüşdə 2025-2026-cı tədris ili üzrə planlar, hədəflər, fəaliyyət istiqaməti və digər məsələlər müzakirə olunub.

"Unikal" xəbər verir ki, açılış nitqi ilə çıxış edən Xidmətin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi polkovnik Azər Babayev yeni tədris ilində çağırışaqədərki hazırlıq fənninin prioritetləri, qanunvericilikdə olan dəyişikliklər, ilkin hərbi qeydiyyat, bir sıra xidmətlərin elektronlaşması və digər mühüm məsələlər haqqında danışıb.

“Çağırışaqədərki hazırlıq” dərsliklərinin müəllifi Qılman Eyvazov çıxış edərək tədris planlaması, metodik vəsaitlər, fənnin əhəmiyyəti, şagirdlərin həvəsləndirilməsi, hərbi-idman və hərbi-bilik yarışlarının təşkili barədə danışıb.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov gənclərin vətənpərvərliyindən, maarifləndirmənin əhəmiyyətindən, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının artırılması barədə geniş məlumat verib. 

Daha sonra Xidmətin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov xaricdə təhsil, təhsilə görə verilən möhlət, xidmətlərin rəqəmsallaşması, “mygov” platforması üzərindən göstərilən xidmətlər haqqında danışıb. 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, 2025-2026-cı tədris ilinin başlanmasına qədər digər rayonlardan olan təhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərləri ilə də analoji görüşlər keçiriləcək.