“Stavropolskiy Broyler” MMC-nin “Nevinnomissk Myasoptitsekombinat” filialına məxsus dondurulmuş toyuq filesində aşkarlanan uyğunsuzluqla əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən idxala qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb.
Bu barədə "Unikal"a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, Rusiya Federasiyası Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) tərəfindən istehsalçı müəssisədə baytarlıq nəzarəti tədbirləri və laborator müayinələr aparılıb. Görülmüş müvafiq sağlamlaşdırma tədbirləri və epizootoloji monitorinqlərlə bağlı Agentliyə ətraflı məlumat verilib.
Baytarlıq norma və qaydalarına, həmçinin qarşılıqlı idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanətin verilməsini nəzərə alaraq, sözügedən istehsalçıdan respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb. Agentliyin qərarı ilə bağlı “Rosselxoznadzor”a müvafiq məlumat verilib.