"Cənubi Qafqazda davamlı sabitliyin təmin edilməsi istiqamətində səylərimiz davam edir".

"Unikal" xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Antalya Diplomatik Forumu”nun açılış mərasimindəki çıxışında deyib. 

Türkiyə liderinin sözlərinə görə, ölkə Şərqi Aralıq dənizi və Egey dənizində sülh və sabitliyi qorumağı hədəfləyir: "Qonşumuz Yunanıstanla müsbət atmosferi qorumağa çalışırıq. Biz Balkanlardakı prosesləri çox yaxından izləyirik və region ölkələri ilə əməkdaşlığımızı davam etdiririk. Mərkəzi Asiyanın qardaş respublikaları xarici siyasətimizdə öz xüsusi yerlərini hər keçən gün möhkəmləndirirlər. Son illər ölkəmizin gərgin səyləri ilə inteqrasiya istiqamətində mühüm addımlar atan Türk Dövlətləri Təşkilatı bu əməkdaşlığın möhkəmlənməsinə çox mühüm töhfələr verir. Biz son vaxtlar Kipr türk xalqının suveren bərabərliyini və bərabər beynəlxalq statusunu qeydə almaq üçün səylərimizi artırdıq. Adada ədalət bərqərar olana qədər bunu səbirlə davam etdirəcəyik.

Avro-Atlantik təhlükəsizliyin bünövrəsi olan NATO Türkiyənin xarici siyasətinin və ölkəmizin təhlükəsizliyinin əsas bloklarından biridir. NATO-nun gələcəyi və Avropa təhlükəsizlik arxitekturası ilə bağlı müzakirələrin gündəmdə olduğu bu günlərdə bir daha aydın oldu ki, Avropa təhlükəsizliyi Türkiyəsiz düşünülə bilməz. NATO-nun ikinci ən böyük quru ordusuna komandanlıq edən Türkiyə, xüsusilə son illərdə böyük irəliləyişlər əldə etdiyi müdafiə sənayesi ilə gələcəkdə Avropanın təhlükəsizliyi üçün məsuliyyət daşımağa hazırdır.

Digər tərəfdən, Türkiyənin Avropa Birliyi hədəfindən uzaqlaşdığına dair iddia və tənqidlərin bizim baxımdan heç bir əsası yoxdur. Avropa İttifaqına tam üzvlük hələ də ölkəmizin strateji hədəfidir. Ancaq bəzən qorxu, bəzən qərəz, bəzən də Birliyi daxildən girov götürən aktorlar üzündən Avropa Birliyi üzvlük prosesimizi irəli aparmaq üçün lazımi iradə nümayiş etdirə bilmir. Daha dəqiq desək, bu gün bəzi Avropa ölkələri təəssüf ki, 25 il əvvəl Avropa Birliyinə həyat verən üfüq, cəsarət və strateji perspektivi nümayiş etdirə bilmir. Biz deyirik ki, Avropa İttifaqı mövcud çətinliklərin öhdəsindən gəlmək və yenidən qurulan qlobal sistemdə layiq olduğu kimi təmsil olunmaq istəyirsə, buna uyğun hərəkət etməli, yükündən qurtulmalı və Türkiyə bir an əvvəl tamhüquqlu üzv kimi ittifaqdakı yerini almalıdır".

Ağarza Elçinoğlu