Ağstafa RİH başçısının müvafik qrafikə uyğun olaraq Aşağı Kəsəmən kənd tam orta məktəb binasında keçirdiyi vətəndaşların növbəti səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, aidiyyəti təşkilatların nümayəndələri və kəndin sakinləri iştirak ediblər.

"Unikal" xəbər verir ki, RİH başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illərdə əldə etdiyi tarixi nəaliyyətlərdən söz açaraq qeyd edib ki, xalqımız bu addımları böyük ruh yüksəkliyi ilə qarşılayır. Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi xətti ilə ölkəmizin bütün sahələrində məhz xalqın mənafeyindən irəli gələn siyasət həyata keçirilir. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu gün tam əminliklə deyə bilərik ki, ölkədə əhalinin sosial müdafiəsi lazımi səviyyədə təmin edilir, o cümlədən hər bir bölgədə bu məsələlər daim diqqətdə saxlanılır. 
Səyyar qəbulda vətəndaşların müxtəlif məzmunlu müraciətlərinin hərtərəfli araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eyni zamanda, yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində aidiyyəti üzrə məsul şəxslərə lazımi göstərişlər verilib. Həmçinin sakinləri maraqlandıran bir sıra məsələlərə dair qanunamüvafiq izahatlar verilib.