Türkiyə Böyük Millət Məclisində (TBMM) 21 Mart Novruz gününün rəsmi bayram elan edilməsi ilə bağlı qanun layihəsi təqdim edilib.
"Unikal" xəbər verir ki, qanun layihəsini AK Partinin İstanbuldan seçilən millət vəkili Serkan Bayram təklif edib.
O, "Milli bayramlar və ümumi bayramlar haqqında qanunda dəyişiklik edilməsi haqqında qanun təklifi"ni TBMM sədrinə təqdim etdiyini bildirib: "Novruz bütün dünyada, türk dövlətlərində, ölkəmizdə, bir çox xalqlar və millətlər tərəfindən qeyd olunan bir bayramdır. Novruz yeni gün deməkdir. Novruz dirçəliş deməkdir. Novruz birlik deməkdir. Bununla əlaqədar həm İstanbul millət vəkili, həm Birləşmiş Millətlər Təşkilatının sülh elçisi, həm də Avropa İqtisadi Senatoru kimi bu günün rəsmi bayram elan edilməsi ilə bağlı qanun layihəsi təqdim etmişəm".
Qeyd edək ki, bundan əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da ölkədə Novruzun rəsmi bayram kimi qeyd olunmasını təklif etmişdi.
Ağarza Elçinoğlu