Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində “Katora 44” MMC-nin Türkmənistandan idxal etdiyi 56 ton pomidor məhsulundan nümunələr götürülərək müayinələrə cəlb olunub. Nümunələrin laborator müayinəsi nəticəsində məhsul partiyalarında pomidor meyvələrinin qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus) aşkarlanıb.
Bu barədə "Unikal"a Agentlikdən məlumat verilib.
Bildirilir ki, faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Hazırda aşkar olunmuş halla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək, istehsalçı şirkətə məhdudiyyət tətbiq edilib və Türkmənistanın müvafiq qurumuna virus aşkarlanmış təsərrüfatda sağlamlaşdırıcı tədbirlərin görülməsi barədə bildiriş məktubu göndərilib.
Qeyd edək ki, pomidor meyvələrinin qonur qırışıqlıq virusunun əsas sahib bitkiləri pomidor, badımcan, bibər, tütün olub sirayətlənmə dərəcəsindən asılı olaraq pomidor təsərrüfatlarında 30-70% məhsul itkisinə səbəb olur. Sözügedən virus məhsulun əmtəəlik keyfiyyətini və rəf ömrünü aşağı salır. Virus beynəlxalq ticarətdə və ərazi daxilində əkin-səpin materialı, bitkinin müxtəlif hissələri, o cümlədən meyvələri ilə yayılır. Mexaniki yolla yayılma xüsusiyyətinin olması virusun daha geniş əraziləri sirayətləndirməsində önəmli rol oynayır.