Gəncə şəhər Ə.Cavad adına 2 nömrəli  tam orta məktəbin şagirdləri arasında məktəbdənkənar ərazidə mübahisə yaranıb. Mübahisə zamanı şagirdlərdən biri digərinə xəsarət yetirib. 

Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək məqsədilə müvafiq profilaktik tədbirlər aparılır. Şagirdlərin psixoloji durumu məktəb rəhbərliyi və regional idarə tərəfindən izlənilir.

*** 17:33

22.04.2025-ci il tarixində saat 14:10 radələrində 2008-ci il şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

"Unikal" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, sol gözünün hematoması və dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. 

Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.

**** 17:14

Gəncə şəhərində məktəblilər arasında baş verən insident zamanmı bir şagird xəsarət alıb.

"Unikal" xəbər verir ki,  bu barədə DİN Mətbuat xidməti Gəncə Regional Qrupundan bildirilib.

Qeyd edilib ki, Gəncə şəhərindəki məktəblərdən birində şagirdlər arasındakı insidentlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar davam etdirilir.

Araşdırmalar zamanı başqa bir şagirdin xəsarət alaraq xəstəxanaya müraciət etməsi məlum olub.

Hazırda müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.

Tural Əhmədov