Bakı Mühəndislik Universitetində (BMU) Müdafiə Sənayesi Nazirliyi və “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən yaradılan “DEFAGE Bootcamp” intensiv təlim və inkişaf proqramı ilə bağlı infosessiya keçirilib.
"Unikal" xəbər verir ki, nazirliyin Milli Aerokosmik Agentliyinin Maliyyə hesabatlığı və mühasibatlıq şöbəsinin rəisi Elsevər İbadov, İnsan resursları şöbəsinin rəisi Ceyhun Əliyev, Elmi-Tədqiqat İnstitutunun müşaviri Qamət Kərimovun iştirakı ilə keçirilən tədbir tələbələrin müdafiə sənayesi texnologiyalarının hazırlanması prosesində potensiallarını ortaya qoymalarına şərait yaratmaq, bu istiqamətdə qurmaq istədikləri karyeralarına dəstək məqsədilə təşkil olunub.
Tədbirdə açılış nitqi ilə çıxış edən BMU Texnoparkının direktoru Vüsal Süleymanlı müdafiə sənayesinin müasir texnologiyalar əsasında inkişafının hazırda bütün dünyada aktuallıq qazandığını önə çəkərək, belə infosessiyaların gələcək mühəndislər üçün faydalı olduğunu bildirib.
BMU ilə Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının direktoru Humay Cəfərli də tədbirdə çıxış edərək proqram üzrə təhsil alan tələbələrin müxtəlif hakaton və startap yarışmalarında uğurlu iştiraklarını xatırladıb, onların nazirliyin proqramında texnoloji bacarıqlarını ortaya qoya biləcəklərinə inandığını söyləyib.
Sonra nazirliyin Elmi-Tədqiqat İnstitutunun müşaviri Qamət Kərimov “DEFAGE” platforması ilə bağlı iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, “DEFAGE” müdafiə sənayesində innovativ texnologiyaların inkişafı, yüksək ixtisaslı insan kapitalının formalaşdırılması üçün yaradılan yeni platformadır və bu sahədə yerli mütəxəssislərin iştirakını artırmaq, texnoloji potensialı gücləndirmək məqsədi daşıyır.
İnfosessiya zamanı proqrama seçim meyarları, proqramın müddəti, prosesin mərhələləri, keçiriləcək nəzəri və praktiki təlimlər və s. məqamlar diqqətə çatdırılıb. Əlavə edilib ki, proqrama qəbul olunan tələbələr peşəkar mütəxəssislərlə çalışacaq, onlara mentor dəstəyi veriləcək və iştirakçılar komanda şəklində müxtəlif həllər yerinə yetirəcəklər. Nəticə etibarilə gənclər ixtisasları üzrə peşəkarlaşmaq, karyeralarını inkişaf etdirmək imkanı qazanacaq, habelə ölkəmizin müdafiə sənayesinə öz töhfələrini vermiş olacaqlar.
Proqrama qoşulmaq istəyənlər aşağıdakı linkdən istifadə edə bilərlər: http://azersilah.com/defage