Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp cümə günü Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşlər keçirəcək. Donald Trampın Azərbaycan və Ermənistan liderləri ilə birgə bəyanatla çıxış edəcəyi gözlənilir. Görüşlərin əsas mövzusunun bölgədəki gərginlik və sülh danışıqlarının perspektivləri olacağı proqnozlaşdırılır.

Mövzu ilə bağlı “Unikal”a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, belə bir görüşün keçirilməsi olduqca müsbət haldır: 

“ABŞ-nin bölgədə fəallaşması və Türkiyəni bu bölgədə əsas müttəfiqi kimi görməsi bizim üçün əlavə imkanların açılması deməkdir.

Bəllidir ki, bu görüşdə sülh sazişi imzalanmayacaq. Digər tərəfdən, sülh müqaviləsi ilə bağlı paraflama ola bilər. Yaxud, bəyanata bənzər ümumi bir sənəd qəbul oluna bilər ki, çərçivə sülh sazişində göstərilən məsələlər gələcək sülh prosesinin əsaslarını təşkil etsin. Belə bir bəyanatın qəbul olunması istisna edilmir. Bunu müxtəlif formalarda adlandırmaq olar: Memorandum, mətbuata şifahi çıxış və s”,  - deyə o qeyd edib.

"Rusiyada ciddi iqtisadi və siyasi böhran gözlənilir" - Tofiq Zülfüqarov

T.Zülfüqarov ikinci və əsas məsələnin Zəngəzur dəhlizi ilə bağlı olacağını vurğulayıb: “Xüsusilə, ABŞ lideri Donald Trampın təklifi əsasında dəhlizlə bağlı müzakirələr davam etdiriləcək. “Tramp körpüsü” adlanan bir layihə var. Bu layihənin şərtləri və necə həyata keçirilməsi məsələsi müzakirə mövzusu olmalıdır. Hesab edirəm ki, görüşlər zamanı əsas mövzu elə bu olacaq”.

İkitərəfli görüşlərin ABŞ-Azərbaycan münasibətlərinə təsirindən söz açan sabiq nazir qeyd edib ki, bu mövzunun cizgiləri artıq Şuşa Qlobal Media Forumu zamanı açıqlanıb: “Prezident İlham Əliyev həmin forumda Donald Trampla bağlı fikirlərini səsləndirib. Vaxtilə Bayden administrasiyası Azərbaycan-ABŞ münasibətlərinə o qədər ziyan verib ki… İndi isə bərpa prosesi gedir. Biz hələ bu mərhələdəyik.

İki tərəfdən də siyasi iradə münasibətlərin bərpasına yönəlib. Bu proses çoxdan başlayıb. Administrasiya nümayəndələri arasında görüşlər və təmaslar olub. Bəzi konkret mövzular müzakirə edilib. Bu baxımdan, ABŞ-nin həm Ermənistan-Azərbaycan mövzusunda iştirakı, həm də ikitərəfli məsələlərin geniş müzakirəsi çox vacibdir. İlk növbədə 907-ci düzəlişin mənfi təsirləri bu və ya digər formada aradan götürülməlidir ki, münasibətlər daha geniş çərçivədə inkişaf edə bilsin. Azərbaycan öz geopolitik vəziyyətinə görə müxtəlif güc mərkəzləri üçün maraq kəsb edir. Bu baxımdan, Azərbaycanın ABŞ ilə münasibətlərinin bərpası xarici siyasətin trendinə çevrilir. Hesab edirəm ki, sözügedən görüş zamanı çox müsbət nəticələr əldə olunacaq”.

Tofiq Zülfüqarov əlavə edib ki, ABŞ-nin Azərbaycan-Ermənistan danışıqlarında iştirakı o qədər də geniş olmayacaq: “Yəni, sadəcə olaraq siyasi dəstək veriləcək ki, Azərbaycan və Ermənistan arasında razılaşdırılan ikitərəfli formatda danışıqlar davam etdirilsin. Yəni, burada ABŞ-nin hansısa əlavə vasitəçiliyi görünmür. Buna baxmayaraq, kommunikasiyalar, xüsusilə də Zəngəzur dəhlizi mövzusunda ABŞ-nin konkret təklifi çox vacibdir”.

Sabiq nazir Rusiyanın artıq danışıqlarda iştirak etməməsini isə belə şərh edib: “Aydın məsələdir ki, Rusiyanın bu görüşə və prosesə münasibəti mənfi olacaq. Azərbaycanın buna aid çox güclü arqumentləri var. Yəni, 5 il ərzində biz tələb edirdik ki, 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın 9-cu bəndi icra olunsun. Rusiya isə bu istiqamətdə heç bir addım atmayıb.

Əgər Zəngəzur dəhlizi bərpa olunsa, bu, eyni zamanda o deməkdir ki, Şimal-Cənub nəqliyyat dəhlizi də işlək vəziyyətdə olacaq. Məlumdur ki, Şimal-Cənub dəhlizi Rusiyanın, İranın, Hindistanın, Pakistanın və bəzi digər dövlətlərin marağında olan geopolitik layihədir. Bir neçə il əvvəl Azərbaycan, İran və Rusiyanın dövlət başçıları arasında bu məsələ ilə bağlı yüksək səviyyədə görüşlər təşkil olunub. Görüşlərin məqsədi Şimal-Cənub koridorunun təşkil olunması barəsində geniş müzakirələr aparmaq idi. Ondan sonra bunun icrası, xüsusilə dəmiryolunun tikintisi baş tutmayıb. 

Burada Rusiyanın və İranın maraqları var. Bəzi dairələr isə həm Rusiyada, həm də İranda özlərini elə aparırlar ki, guya bu məsələyə o qədər də maraqlı deyillər, amma bu belə deyil. Şimal-Cənub nəqliyyat dəhlizi onlar üçün maraq kəsb edir. Bu, həm Rusiya, həm də İran üçün xeyir gətirən bir layihədir. 

Həmçinin qeyd etmək lazımdır ki, həm Şimal-Cənub dəhlizi, həm də Orta dəhlizin işlək vəziyyətə gətirilməsi Azərbaycan üçün çox böyük tranzit imkanlar açacaq”, - deyə sabiq nazir bildirib.

Murad İbrahimli