Bakı Mühəndislik Universitetində (BMU) Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində vorkşop keçirilib.
"Unikal" xəbər verir ki, aprel ayının əvvəlindən start verilən layihə kənd təsərrüfatı sahəsində innovasiyalar və rəqəmsal texnologiyalardan istifadə etməklə süni intellektin tətbiqini təşviq məqsədi daşıyır.
Tədbirdə açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev kənd təsərrüfatında süni intellektin tətbiqini bu sahənin gələcəyi ilə bağlı strateji istiqamət kimi səciyyələndirib. Son dövrlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının diversifikasiyası istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasətinin öz bəhrəsini verdiyini qeyd edən rektor iqtisadiyyatda kənd təsərrüfatının xüsusi mövqe qazandığını, aqrar sektorun keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. Yaqub Piriyev Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası ilə əlaqədar görülən işlərə diqqət çəkərək, işğaldan azad edilmiş torpaqlarımızda yüksək texnoloji əsaslarla bərpa işlərinin görüldüyü, “Ağıllı kənd təsərrüfatı” layihələri, smart texnologiylarının tətbiq olunduğunu vurğulayıb. Eyni zamanda Azərbaycanda kənd təsərrüfatının rəqəmsallaşması yolunda atılan hər bir addımın ölkəmizin ərzaq təhlükəsizliyi, ixrac potensialı və innovasiya yönümlü inkişafı üçün strateji əhəmiyyət daşıdığı qeyd olunub. BMU Texnoparkının aqrar startapların inkişafını özünə strateji istiqamət seçdiyini nəzərə çatdıran rektor universitetin bir neçə doktorant və magistrantının süni intellektin kənd təsərrüfatının müxtəlif sahələrinə tətbiqi ilə bağlı elmi tədqiqatlar apardığını da deyib.
Layihə haqqında geniş məlumat verən Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə layihədə süni intellektin tədris olunduğu ali təhsil müəssisələrinin tələbə və gənc tədqiqatçılarının iştirakının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bildirib ki, bu məqsədlə keçirilən vorkşoplar aqrar sahənin ayrı-ayrı istiqamətləri üzrə müxtəlif formatlarda təşkil olunur. Direktor layihə çərçivəsində ali təhsil müəssisələrindən ibarət komandaların irəli sürdüyü ağıllı və innovativ həllərin seçilmiş özəl təsərrüfatlarda tətbiq olunacağını sözlərinə əlavə edib.
Aqrar İnnovasiya Mərkəzinin gördüyü işlər, keçirdiyi tədbirlərlə bağlı videoçarxın nümayişindən sonra tədbirdə “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov, “TECHNOCARE” MMC-nin təsisçisi Tural Həmzəyev, “Agro Systems” MMC-nin direktoru Köçəri Həsənov, “SHABRAN-D” MMC-nin direktoru Şöhrət Məmmədov çıxış edərək rəhbəri olduqları şirkətlərin innovasiyalar sahəsində qazandıqları nailiyyətlər barədə məlumat verib və müasir texnoloji ixtisaslarda təhsil alan, innovasiyalara maraq göstərən gəncləri əməkdaşlığa dəvət ediblər.
Sonda qonaqlar BMU-nun müasir laboratoriyaları, o cümlədən universitetin Texnoparkında tələbələrin aqrar və yaşıl texnologiyalar sahəsindəki startapları ilə yaxından tanış olublar.