"Zəlzələ kimi hamımızı sarsıdan, təsir edən məsələlərin gündəlik siyasətin polemikasında alət kimi istifadə olunmasını əsla bəyənmirik. Bu dövrlər siyasətlə məşğul olmaq deyil, birlik, bərabər olmaq, həmrəylik, millət olaraq qardaşlığımızı xatırlama zamanlarıdır".
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, belə həssas vaxtlarda heç kimlə mübahisə etmək istəmədiyini bildirib: "Üstəlik bunu millətimizə qarşı hörmətsizlik kimi qiymətləndiririk. Seldən kötük çıxarmağa çalışan fürsətçiləri vicdanla və məsuliyyət hissi ilə hərəkət etməyə dəvət edirik.
Artıq sadəcə danışmaq deyil, daş üstünə daş qoymaq vaxtıdır. Bəhanə axtarmaq, üzrxahlıq gətirməkdənsə, daha çox iş və fəaliyyət göstərməli, bütün enerjimizi ən qısa zamanda tikinti fondumuzu yeniləməyə sərf etməliyik. Biz hər şeyə qarşı çıxan marginalların nə deməsindən asılı olmayaraq, şəhərə çevrilmə layihələrinin sürətlə həyata keçirilməsinə diqqət yetirməliyik.
Biz əl-ələ verib birlikdə çalışsaq, qısa zamanda böyük irəliləyiş əldə etməyimiz tamamilə mümkündür. Çünki biz bunu etməyə qüdrətə, imkana və praktikliyə malik olan xalqıq. Yetər ki, enerjimizdən və resurslarımızdan düzgün istifadə edək. Aramızda nifaq səpilməsinə imkan verməyək. Allahdan ölkəmizi, millətimizi hər cür fəlakətdən, zəlzələdən, qəza və bəlalardan qorumasını diləyirəm".
Ağarza Elçinoğlu