Türkiyənin Rusiyadan 2,5 milyard dollara aldığı S-400-lərin Suriyaya qrant kimi göndərilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin Suriyaya S-400-ləri təhvil vermə planı Vaşinqtonda reaksiya ilə qarşılanıb. ABŞ Konqresində demokratlar bu prosesi hərbi risk kimi qiymətləndiriblər.
ABŞ qanunvericiləri bildiriblər ki, sistem Suriyada yerləşdirilərsə, İsrailin bölgədəki “keyfiyyətcə hərbi üstünlüyü” sarsıdılacaq. Onlar iddia ediblər ki, S-400-lərin Suriyanın qərbində yerləşdirilməsi İsrailin İranın dəstəklədiyi silahlı qruplaşmalara və "Hizbullah"a qarşı hava hücumlarını da dayandıracaq. Bu vəziyyətin təkcə Türkiyə-ABŞ münasibətlərini deyil, İsraillə olan incə balansı da təhdid edəcəyi vurğulanıb.
Başqa bir böyük narahatlıq silahların kimin nəzarətində olacağıdır.
Bildirilir ki, sistem türk personalının nəzarətində qalsa, İsraillə birbaşa münaqişə riski arta bilər. Lakin nəzarət Suriyada hakimiyyətə gələn fundamentalist Əhməd əl-Şaara rejiminə keçərsə, bu, həm də problemlər yarada bilər. Vaşinqtonda adı açıqlanmayan ABŞ rəsmiləri deyirlər ki, hər iki ssenari “xaotik nəticələrə” gətirib çıxaracaq.
Ötən günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin aldığı S-400-lərdən danışıb. Lavrov müqavilənin “son istifadəçi sertifikatını” ehtiva etdiyini və üçüncü ölkəyə göndərilsə belə, orada istifadə edilə bilməyəcəyini vurğulayıb.
Bildirək ki, Ankaranın 2,5 milyard dollara aldığı S-400-lərin ilk tədarükü 2019-cu ildə edilib.
- S-400-lər bütün növ pilotlu və ya pilotsuz uçuş aparatlarını və ballistik raketləri məhv edə bilir.
- Onun maksimal uçuş məsafəsi 400 km , çata biləcəyi ən yüksək hündürlüyü isə 30 km-dir.
-Eyni anda 80 hədəfi vura bilir.
Türkiyənin Rusiya ilə pisləşən münasibətlərini düzəltmək üçün aldığı S-400-lər problem mənbəyinə çevrilib. Bu addımdan sonra ABŞ Türkiyəni tərəfdaşı olduğu F-35 proqramından çıxarıb. Türkiyə 1 milyard dollar ödədiyi F-35 döyüş təyyarələrini ala bilməyib. Sonrakı illərdə silah embarqosu səbəbindən Ankara yeni F-16-ları belə ala bilməyib.
Ankara indiyədək nə Vaşinqtonu razı sala bilib, nə də artıq istifadə etmədiyi S-400-lərdən qurtula bilib.
Gülayə Mecid