Son dövrlərdə paytaxt başda olmaqla ölkədə avtomobillərin sayı artmaqdadır. Xüsusilə də Çin istehsalı olan avtomobillər bazarda xeyli artıb.
Bəs vətəndaşların Çin avtomobillərinə münasibəti necədir? Avtomobil alarkən hansı xüsusiyyətlərə diqqət yetirirlər?
"Unikal"ın əməkdaşları bu mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib. Vətəndaşlar arasında Çin avtomobillərinə müsbət fikirlə yanaşanlar olsa da, bəzi şəxslər digər vətəndaşların bu avtomobilləri almaqdan qaçmalı olduqlarını bildirib.
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərovun da mövqeyini öyrəndik. E.Cəfərov saytımıza açıqlamasında bildirdi ki, avtomobillərin harada istehsal olunması vacib deyil:
"Əsas həmin avtomobilin hansı ölkə üçün istehsal olunduğudur. Azərbaycan avtomobil seqmentində Avropa spesifikasiyasına aiddir. Ona görə də, Azərbaycanda da rəsmi satılan avtomobillər Avropa spesifikasiyalı avtomobillərdir. Çində də, həm Avropa, həm Amerika, həm də Çinin öz daxili bazarı üçün avtomobillər istehsal olunur.
Biz vətəndaşlara tövsiyə edirik ki, Çinin daxili bazarı üçün yox, Çində Avropa üçün istehsal olunan və bizim ölkəmizə zəmanətlə gətirilən, ölkədə rəsmi distribütoru olan Çin avtomobillərini alsınlar.
Təxminən 10 Çin markası var ki, ölkəmizə gətirilir, həmçinin Avropa ölkələrində satılır. Onların gələcəyi var", - deyə ekspert qeyd edib.
Müxbir: Zərifə Nağıyeva
Video: Ayxan Məlikov