“Təklif olunan dəyişikliklərə əsasən, tibb işçilərinə şərait yaradılır ki, onlar öz sertifikat şəhadətnamələrini ya 5 ildən bir imtahan yolu ilə, ya da 5 il ərzində 250 kredit balı yığmaqla əldə etsinlər. Bu balı toplamaqla imtahandan azad olunurlar. Kredit balı hər il 50 bal olmaqla ümumilikdə 250 bal təşkil edir. Kredit balı hər il 50 bal olmaqla ümumilikdə 250 bal təşkil edir”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.
“Yəni, onların peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə alternativ DPİ mexanizmi tətbiq olunacaq. Sertifikasiya imtahanına alternativ olaraq təklif olunan davamlı peşəkar inkişaf dedikdə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş elmi və tədris tədbirlərində iştirakı, o cümlədən elmi, pedaqoji və ya müstəqil davamlı peşəkar inkişaf fəaliyyəti vasitəsilə kredit vahidlərinin toplanmasıdır.
Belə ki, sözügedən kreditləri toplayan şəxslər qüvvəsi 5 il olan sertifikasiya şəhadətnaməsi əldə edəcəklər. Elmi və tədris tədbirlərinin akkreditasiyası qaydası və DPİ-nin kredit ekvivalenti, bunun üçün lazım olan sənədlər və tələblər müəyyən olunaraq təsdiq ediləcək. Könüllü sınaq imtahanı istisna olmaqla sertifikasiya imtahanı ödənişsiz olacaq”, - deyə A.Vəliyev bildirib.
Anar Kəlbiyev