Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal rayon İcra Hakimiyyəti, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası və Ə.Əliyev Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə “Zərifə xanım Əliyeva - Nurlu ömür yolu” adlı tədbir keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edərək abidələri önünə əklil və gül dəstələri qoyub, əziz xatirələrini dərin ehtiramla yad ediblər.
YAP Yasamal rayon təşkilatında keçirlən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın və Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru, ərazi partiya təşkilatının sədri Elviz Qasımov, Mərkəzi Klinik Xəstəxananın VİP protokolunun sədri Nigar İsmayılova, YAP Yasamal rayonu “A.M.Şərifzadə küç.762” (Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini Naidə İbadova, YAP Veteranlar Şuasının üzvləri, “91-lər” dən Sudeyf İmamverdiyev, Şahlar Əsgərov və Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli çıxış edərək görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən danışıblar. Qeyd ediblər ki, tibb aləmində bir çox yeniliklərə imza atmış, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan, yüksək intellekt sahibi, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın elmdə açdığı yol ildən-ilə inkişaf edir, onun yazıb-yaratdığı monumental əsərləri, qoyub-getdiyi elmi nailiyyətləri, pedaqoqluq səriştəsi, mədəni irsi daim araşdırılır, öyrənilir, neçə-neçə tədqiqat əsərlərinin mövzusuna çevrilir. Onun zəngin elmi irsi, oftolmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. İnsanlara bitib-tükənməyən sevgi, məhəbbət dolu geniş ürəyə sahib olan, gözlərə işıq, nur bəxş edən, Vətən təəsübünü bütün doğrulardan üstün tutmağı bacaran, özünün fitri istedadı ilə elmin, insanlığın ən yüksək zirvəsinə ucalan akademik Zərifə xanım Əliyeva bu xüsusiyyətləri ilə həm müasir gənclərə, həm də gələcək nəsillərə nümunə və örnəkdir. Zərifə xanım Əliyevanın adı bu gün də Azərbaycanda fəxrlə, sonsuz qürur hissi ilə səslənir. Ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, həkimliyin müqəddəsliyi onun adı ilə əbədiləşir. Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş bu nəcib xanım, məhz bütün keyfiyyətlərinə görə hər zaman, hər kəs tərəfindən sevilir, əziz xatirəsi ehtiramla yad edilir.
Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə Fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
Tədbirdə Yeni Azərbaycan Partiyasınını Himni səsləndirilib.
Sonda xatirə şəkli çəkdirilib.