Maştağa qəsəbəsində itkin düşmüş kimi axtarışları aparılan və 10 gün sonra tapılan qızların psixoloji qiymətləndirilməsi aparılıb.

"Unikal" xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

“Sığınacağa yerləşdirilən yetkinlik yaşına çatmayan qızlarla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və psixoloqun iştirakı ilə aparılan ilkin söhbətlər zamanı onlarla və ailə üzvləri ilə psixososial işlərin aparılmasının zəruriliyi müəyyən edilib. Arzu etdikləri təqdirdə onların müvafiq peşəyə yönəldilməsi istiqamətində də lazımi tədbirlərin görülməsi ilə bağlı işlər davam etdiriləcək.

İstintaq prosesi davam etdiyi üçün hadisənin detalları barədə əlavə məlumatın verilməsi zəruri hesab edilmir”, - deyə T. Mərdanoğlu bildirib.

Xatırladaq ki, 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H valideynlərini məlumatlandırmadan evdən çıxmış və 10 gün sonra polis əməkdaşları tərəfindən tapılmışlar. Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.