Azərbaycanın telekommunikasiya və poçt sahəsində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi Yay Təcrübə Proqramı elan edir.
"Unikal" xəbər verir ki, proqram tənzimləmə, radiospektr idarəçiliyi, informasiya texnologiyaları, hüquq, xidmət bazarlarına nəzarət və istehlakçı hüquqları, ictimaiyyətlə əlaqələr istiqamətlərini əhatə edir.
Proqramda iştirak etmək üçün namizədlər yerli və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin 4-cü kurs bakalavriat pilləsi, yaxud 1-ci və 2-ci kurs magistratura pilləsi üzrə təhsil almalı, magistratura pilləsində təhsil alan namizədlərin bakalavr pilləsi üzrə yekun ümumi orta müvəffəqiyyət göstəricisi 75-80 baldan yuxarı olmalıdır.
Təcrübə proqramına qoşulan tələbələr nəzəri biliklərini tətbiq etmək, telekommunikasiya sahəsində praktiki bilik və bacarıqların formalaşdırılması məqsədilə keçiriləcək təlimlərə qatılmaq imkanı əldə edəcəklər.
Proqramda iştirak etmək üçün Agentliyin rəsmi veb-saytının “Karyera” bölməsi vasitəsilə cari il 19 mayadək müraciət etmək mümkündür.
Proqrama seçim 3 mərhələdən ibarət olacaq:
- Sənəd qəbulu üzrə ilkin yoxlamanın aparılması
- Müsahibə
- Namizədlərin tapşırıq əsaslı qiymətləndirilməsi
Yay təcrübə proqramı 1 iyuldan 29 avqustadək davam edəcək.
Qeyd edək ki, müraciətlər zamanı yaranan suallar [email protected] elektron poçt ünvanına göndərilə bilər.