Hər bir xalqın tarixində mütləq ki qanayan bir yarası vardır. Axıdılan göz yaşları, diri tutulan xatirələr, amansız yaddaş, dillərdən qopan fəryad bu yaranı heç vaxt sağalmağa qoymaz. Bizim də dərdi özümüzdən böyük Qarabağ kimi məkan və coğrafiya anlayışından kənara çıxmış həssas bir mövzumuz var. Elə bir mövzu ki, haqqında çox danışılsa da, əlimizdə insan talelərinə dayanan sübut-faktlarımız olsa da, dünyanı hələ də buna inandıra bilməmişik.
Qarabağın işğalı dövründə də, azadlığına qovuşduqdan sonra da hər biri bir əsər, bir film, bir araşdırma mövzusu ola biləcək çox hekayələr eşitdik, çox səhnələr gördük. Bu hekayələri danışanlar elə həmin “od-alovun içindəkilər” oldu: düşmən amansızlığını öz gözləri ilə görənlər, işgəncələrə məruz qalanlar, bəşər əşrəfi sayılan “insan”ın başqa bir insana edə biləcəyi hər cür iyrəncliklərlə yaşayanlar...
Düşmənin sərhəd tanımayan amansılzığına dözə bilməyənlər yaşamadı, yaşayanlar isə “içim özümü yandırır, çölüm özgəsini” deyərək ya ürəyini boşaltdı, ya da elə o ağrı-acını bütün əzalarında daşıyaraq ömür sürdü...
Bir də yaşadıqlarını danışa bilməyənlər oldu: Cəbrayıl rayonu Tatar kənd sakini Gülməmməd Əhmədov kimi...
Nitq qüsurlu Gülməmməd Əhmədovun sosial şəbəkələrdə işğaldan azad olunmuş kəndindən çəkiliş apardığı videosu yayılıb. Bəsit bir ifadə olan bu cümlə bəlkə də çoxlarına adidən də adi gələcək. Ta ki həmin görüntüləri izləyənədək: insan danışmadan da fəryad edə bilərmiş, insan illərdir yaşadığı nisgili, yurd həsrətini, düşmənə qəzəbi, peşmanlığı, göz yaşını sözlərə çevirmədən də göstərə bilərmiş. Bu görüntülərin hər saniyəsi ali duyğularını itirməmiş hər bir insana göz yaşı axıtdırır. Gülməmməd çarəsiz baxışları, evi ilə bağlı xatirələri, dağılan yurdunu bir neçə dəqiqəlik videoda yerləşdirərək bütöv bir tarix keçib: dünyaya, Qarabağ kimi həqiqəti qəbul etməyənlərə, düşmən vəhşiliyinə laqeyd olanlara, insanlıq adına utanc gətirənlərə...
Dərd insanı danışdırar deyiblər. Kobud səslənsə də, dilsiz-ağızsız Gülməmməd bu videoda nə qədər söz deyir əslində. Torpağının havasını ürəkdolusu ciyərlərinə çəkməsi, əlləri ilə böyüdüyü evin yataq otağını göstərməsi, kədərlənərək əli ilə ürəyini döyəcləməsi – bütün bunlarla Gülməmməd bütün dünyaya tarix dərsi keçib əslində. Gülməmməd düşmənlə fərqini də ortaya qoyub: yaradılan canlıya – tısbağaya belə qayğı ilə yanaşır, onu yerindən tərpətməyə qıymır.
Dərdin dili olmur: Gülməmməd Əhmədov səssiz fəryadı ilə işğalın dəqiqələrə sığan, tarixə sığmayan icmalını hazırlayıb əslində. Heç bir əsərə, kitaba, filmə sığmayacaq qədər həssas olan bu görüntülər erməni işğalını, erməni zülmünü görmək istəməyənlər üçün sübut-fakt deyilmi?! Bir insan daha nə cür hayqıra bilər?! Üsyan, etiraz başqa nə cür olur?!
Yaşadıqlarının həm obrazı, həm də rejissoru olan Gülməmməd bir neçə dəqiqəlik “filmi”nə ədəbiyyat da sığdırıb, tarix də. Onun “dedikləri”ni nə yazıçı, şair, nə də tarixçi bu qədər gözəl anlada bilərdi.
Gülməmmədin torpaq həsrəti və ona qovuşmaq sevincini elə öz ÇƏKDİKLƏRİNDƏN izləmək daha yaxşı olardı:
Nuranə Abbasova