"Mülki Prosessual Məcəllənin 231-ci maddəsində borclu anlayışı dəqiqləşdirilir. Bununla yanaşı, bu anlayışın daha da dəqiqləşdirilməsi, o cümlədən fiziki və hüquqi şəxslər üzrə meyarların müəyyənləşdirilməsi məqsədə uyğun olardı. Belə ki, bir sıra ölkələrin qanunvericiliyində olduğu kimi fiziki şəxslər üzrə ölkədən çıxış hüququnun məhdudlaşdırılması zamanı kredit borcu üzrə limitlər tətbiq edilə və sözügedən məcəllədə öz əksini tapa bilər".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Mülki Prosessual Məcəllədə və “İcra haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib. O bildirib ki, kredit portfeli üzrə artım eyni zamanda istehlak kreditlərində də özünü göstərir:

"2024-cü ilin yekunlarında istehlak kreditlərin həcmi 2023-cü il ilə  müqayisədə 6 milyard 937 milyon manatdan 8 milyard 445 milyon manatadək yüksəlib. Hazırda 3 milyondan çox vətəndaşımızın banklara istehlak kreditləri üzrə borcu var. Rəsmi statistika göstərir ki, banklardan borclanan vətəndaşlarımızın sayı artır. Bütün bunlar ilə yanaşı, vaxtı keçmiş kreditlərin  həcmi 2024-cü ilin sonuna nisbətə bu ilin ilk rübündə 449.1 milyon manatdan 481.6 milyon manatadək yüksəlib.  Bu o deməkdir ki, son aylar problemli kreditlərin həcmi yüksəlməkdədir və bu daha çox borclu deməkdir. Oxşar vəziyyət qeyri-işlək kreditlər üzrə müşahidə olunur. Belə ki, 2024-cü il ərzində qeyri-işlək portfelin həcmi mütləq ifadədə 6.7 faiz  və ya 41 milyon manat artaraq 655 milyon manat təşkil edib Bu məbləğin 246 milyon manatı istehlak kreditləridir, yəni, fiziki şəxslərin payına düşür.  375 milyon manatlıq biznes kreditləri isə qeyri-işləkdir. Mərkəzi Bankın məlumatına görə, iqtisadi fəal əhali üzrə, adambaşına 13.8 min manat bank borcu var. Əgər 5 il öncə əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti 11.5 faiz idisə, bu göstərici ötən ilin sonunda 18 faizədək yüksəlib.

Göründüyü kimi, həm problemli kreditlərin, həm də qeyri-işlək kreditlərin həcmlərində artımlar var. Bu baxımdan, nisbətən az kredit borcu olan vətəndaşlarımız üçün bu qadağaların müəyyənləşdirilməsi tövsiyyə olunandır. Məsələn, cəmi 200 manatadək kredit borcu olan vətəndaşların ölkədən çıxışının məhdudlaşdırılması problemli kreditlərin həcminin azalmasına səbəb olacağı inandırıcı deyil. Əksinə, bu sahədə təşviq kiçik borcların daha qısa zamanda qaytarılmasına səbəb ola bilər. O baxımdan, 231-ci maddədə fiziki şəxs olan borclular üzrə minimumların müəyyənləşdirilməsini təklif edərdim. Hazırda 27 milyard 877 milyon manat kredit portfelinin olduğunu nəzərə alsaq, qanun layihəsində hüququ şəxslərin dairəsinin genişləndirilməsi məqsədəuyğun olardı. Yəni, hüquqi şəxsin icra orqanının rəhbəri ilə yanaşı, təşkilati formasına uyğun olaraq təsnifləşdirmənin aparılması və qərarların qəbulunda iştirakı olanların tam əhatə olunması məqsədəuyğun olardı. Məsələn, səhmdar cəmiyyətlərində yalnız hüquqi şəxsin icra orqanının rəhbəri deyil, idarə heyətinin üzvləri ayrıca qeyd oluna bilər. Çünki qərarlar idarə heyəti tərəfindən verilir. Bütövlükdə, problemli kreditlərin həcminin artdığını nəzərə alaraq müzakirə etdiyimiz dəyişiklikdə fiziki şəxslər üzrə təşviq, hüquqi şəxslər üzrə isə inzibati meyarların dairəsinin genişləndirilməsini təklif edərdim".

Anar Kəlbiyev