2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Yaşıl gələcək naminə - bir ağac da sən ək!” şüarı ilə növbəti ağacəkmə aksiyasını həyata keçirib.

"Unikal" xəbər verir ki, Kürdəxanı və Abşeron rayonunda keçmiş məcburi köçkünlər üçün salınmış 1000 ailəlik məcburi köçkün qəsəbələrində baş tutan aksiya ölkəmizin suveren ərazilərində ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıqların artırılması və ətraf mühitin qorunmasına töhfə vermək məqsədini daşıyır. Aksiya çərçivəsində zeytun tingləri qəsəbənin istirahət məkanlarında və yol kənarlarında əkilib.

Ekoloji tarazlığın qorunması və ətraf mühitə qayğının artırılması məqsədilə təşkil olunan bu cür aksiyaların paytaxtda yerləşən məcburi köçkün şəhərciklərində mütəmadi keçirilməsi nəzərdə tutulur. Aksiyada Dövlət Komitəsinin nümayəndələri və qəsəbədə müvəqqəti məskunlaşan keçmiş məcburi köçkünlər iştirak ediblər.

Qeyd edək ki, Dövlət Komitəsi əvvəlki illərdə də ekoloji təşəbbüslərə xüsusi önəm verib və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə də genişmiqyaslı ağacəkmə aksiyaları təşkil edib.