Mayın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

"Unikal" xəbər verir ki, YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iclasın gündəliyi haqqında məlumat verib.

Əvvəlcə YAP Veteranlar Şurasının tərkibinə kooptasiya yolu ilə yeni üzvlərin daxil edilməsi məsələsinə baxılıb, Arif Xanoğlan oğlu Qaraşov və Fidumə Məmmədəli qızı Hüseynovanın Veteranlar Şurasının üzvlüyünə namizədliyi ətrafında müzakirələr aparılıb.

YAP Sədrinin müavini Əli Əhmədov, partiyanın İdarə Heyətinin üzvləri Hikmət Məmmədov və Bahar Muradova çıxış edərək hər iki şəxsin namizədliyini dəstəklədiklərini bildiriblər.

Müzakirələrdən sonra Arif Xanoğlan oğlu Qaraşov və Fidumə Məmmədəli qızı Hüseynovanın YAP Veteranlar Şurasının tərkibinə daxil edilməsi barədə qərar qəbul olunub.

Hər iki şəxs çıxış edərək göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Ərazi bütövlüyü və suverenliyini tam bərpa edən ölkəmizin yeni dövrə qədəm qoyduğunu vurğulayan YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bu dönəmdə partiyanın bütün strukturlarının, o cümlədən Veteranlar Şurasının da üzərinə böyük məsuliyyətin düşdüyünü, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin müəyyənləşdirdiyi, eləcə də partiyanın Nizamnamə və Proqramından irəli gələn vəzifələrin günün tələbləri səviyyəsində mütəşəkkil və operativ yerinə yetirilməsinin qarşıda duran əsas məsələ olduğunu diqqətə çatdırıb.

YAP Sədrinin müavini Veteranlar Şurasının tərkibinə yeni daxil edilmiş şəxsləri təbrik edərək onlara göstərilən etimadı doğruldacaqlarına inamını ifadə edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.