Bu gün Azərbaycan dilindən fərqli dillərdə tədris aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirilib. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahan veriblər.

Dövlət İmtahan Mərkəzindən  "Unikal"a verilən məlumata görə, imtahan ümumilikdə 21 şəhər və rayonda 118 binada təşkil olunub.

İmtahanda 53 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahanın idarə olunması üçün 118 ümumi imtahan rəhbəri, 315 imtahan rəhbəri, 2534 nəzarətçi, 363 buraxılış rejimi əməkdaşı (mühafizə) və 118 bina nümayəndəsi ayrılıb.

İlkin məlumatlara əsasən, bir nəfərdə “ağıllı” saat aşkarlanıb və araşdırma aparılacaq.

Cari ildə məzun olan iştirakçıların imtahanda toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Sabahdan etibarən DİM-də imtahan materiallarının emalı aparılacaq. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin 2 həftə ərzində elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı tipli) düzgün cavabları sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək.

Xatırladaq ki, Azərbaycan dili imtahanı iki dəfə keçirilir. Növbəti imtahanın tarixi və qeydiyyat günləri haqqında məlumat veriləcək.

XXX

09:11

Dövlət İmtahan Mərkəzi bu gün tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirəcək.

Bu barədə "Unikal"a DİM-dən məlumat verilib.

Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.

İmtahan, ümumilikdə 21 şəhər və rayonda, 118 binada təşkil olunacaq.

İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Cari ilin 9-cu və 11-ci sinif şagirdləri buradan, əvvəlki illərin məzunları isə buradan “İmtahana buraxılış vərəqəsi”ni çap edə biliblər.

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur: dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq); dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq; oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).

İmtahanın müddəti 1 saat 30 dəqiqədir.

Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

İmtahanda ümumilikdə 27 337 (Bakıda 18917, Sumqayıtda 1 087, Abşeronda 1 088, Naxçıvanda 82, Gəncədə 1 782, Şəmkirdə 87, Tovuzda 184, Mingəçevirdə 217, Yevlaxda 85, Şəkidə 147, Zaqatalada 336, Balakəndə 227, Qəbələdə 197, Qaxda 185, Bərdədə 223, Göyçayda 253, Şirvanda 357, Lənkəranda 350, Qubada 283, Qusarda 626, Xaçmazda 624) şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub.

İmtahanın idarə olunması üçün 118 ümumi imtahan rəhbəri, 315 imtahan rəhbəri, 2534 nəzarətçi ayrılıb, 363 buraxılış rejimi əməkdaşı (mühafizə), 118 bina nümayəndəsi ayrılıb.

İmtahanda 53 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.