2000-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Urinboyev Saidkamol Sattorbek oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. 

Baş Prokurorluqdan "Unikal"a verilən məlumata görə, Özbəkistanda xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş S.S.Urinboyev cari ilin fevral ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.