Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Dayanıqlı, İnklüziv və Sosial Siyasətin Konseptual Əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

"Unikal" xəbər verir ki, konfransda yerli və xarici ali təhsil müəssisələrindən, elmi tədqiqat institutlarından nümayəndələr iştirak ediblər.

Konfransın keçirilməsində əsas məqsəd dayanıqlı inkişaf və sosial ədalət prinsiplərinə əsaslanan siyasət modellərinin, inklüziv idarəetmə yanaşmalarının və sosial dövlət konsepsiyasının elmi əsaslarla təhlil olunması, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi olub.

Konfrans Dövlət Himninin səsləndirilməsi və Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Konfransda çıxış edən AƏSMA-nın rektoru vəzifəsini müvəqqəti icra edən dosent Yusif Ağayev beynəlxalq elmi konfransın mövzusunun aktuallığını vurğulayıb, dayanıqlı inkişaf, inklüzivlik və sosial siyasətin müasir cəmiyyətlərin qarşısında duran mühüm çağırışlara cavab vermək baxımından aktual olduğunu qeyd edib.

Dosent Y.Ağayev qeyd edib ki, ulu öndər Heydər Əliyevin ideyaları bu gün də Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafının, insan amilinə əsaslanan siyasətinin təməl prinsiplərini təşkil edir. Y. Ağayev ölkədə sosial dialoqun formalaşdırılması və əmək münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən layihələr, əmək hüquqlarının müdafiəsi, layiqli əməyin təşviqi və sosial bərabərliyin təmin olunması baxımından həmkarlar təşkilatlarının əhəmiyyətini vurğulayıb.

AHİK sədrinin müşaviri Orxan Ərəbov konfransa uğurlar arzulayaraq, tədbirin elm və təcrübənin qovuşduğu önəmli bir platforma olduğunu bildirib. O, belə tədbirlərin ölkədə elmi potensialın gücləndirilməsi və gənclərin bilik və bacarıqlarının inkişafında əhəmiyyətini qeyd edib.

Konfrans çərçivəsində ümumilikdə 156 elmi məqalə təqdim olunub. Hibrit formatda – həm əyani, həm də onlayn şəkildə–xarici ölkələrdən 39 nəfər, yerli ali təhsil müəssisələrindən 100 nəfər və regionlardan 17 iştirakçı qatılıb.

Konfransın işində Türkiyə, Böyük Britaniya, Almaniya, Polşa, Ukrayna, Özbəkistandan olan universitet nümayəndələri və tədqiqatçılar onlayn iştirak ediblər.

Konfrans prof. Vilayət İsmayılov, prof. Yekatrina Andryuşenko, dos.Zeynəddin Şabanov, Prof.Dr. Yiğit Anıl Güzelipek, dos. Niyar Umarova, dos. Lalə Mahmudovanın moderatorluq etdiyi “Dayanıqlı İnkişaf və Rəqabətqabiliyyətli İqtisadiyyat”, “İnklüziv və Sosial Ədalətə Əsaslanan Cəmiyyət”, “İnsan Potensialı və Müasir İnnovasiyalar” adlı panel müzakirələri ilə davam edib.