"Prezidentliyə namizədlərin içində elə də ciddi bir rəqib görmürəm"
11:15 27-08-2013
SİYASƏT
"Prezidentliyə namizədlərin içində elə də ciddi bir rəqib görmürəm"
Sərdar Cəlaloğlu: "İndi məlum olur ki, bu xalqın düşmənləri Milli Şuranın öz içindədir. Deyirlər ki, onların otuz faizə yaxını agentdir"
"Mən lap əvvəl bir gündən demişdim ki, Milli Şura ideyası yanlış bir ideyadır və onun həyata keçirilmə prosedurası antidemokratikdir"
Qarşıdan gələn prezident seçkiləri yaxınlaşdıqca müxalifədaxili qüvvələr nisbəti tədricən aydınlaşmağa başlayır və bu aydınlaşma o qədər də nikbin qənaətlərə meydan vermir. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğu ilə bu günki söhbətimiz bu barədə olacaq.
-Prezidentliyə namizədliyinizin irəli sürüləcəyi barədə məlumat yayılıb. Belə bir niyyətiniz vardısa, niyə bu qədər gecikdiniz? Həm də bu addımı atmaqla minimum və maksimum planda nələrə nail olmaq istəyirsiniz?
-Mənim qəbul etdiyim siyasi qərarların heç biri gecikmir və hamısı da öz vaxtında biçimlənir. Buna görə də sualınızın birinci hissəsi ilə razılaşmıram. Hamıdan qabağa düşənlər bu gün heç meydanda yoxdurlar. Qaldı ki, bu qərarla bağlı qarşımda duran minmum və maksimum vəzifələrə, başlıca məqsədim Azərbaycan cəmiyyətinin bu gün düçar olduğu sosial-iqtisadi və o cümlədən siyasi problemlərin həlli istiqamətində çıxış yollarını cəmiyyətə açıqlamaqdır. Bu kampaniyadan istifadə edib həm də siyasi maarifləndirmə ilə məşğul olacağıq. Hər bir seçkinin praktik son nəticəsindən başqa həm də əsas məqsədlərindən biri cəmiyyəti maarifləndirməkdir. Biz bu yönə xüsusi fikir verəcəyik. Və çalışacağıq ki, partiyamızın əsas ideyalarını cəmiyyətə təqdim edək. Maksimum vəzifəyə gələndə isə, çalışacağıq ki, seçicilərin böyük əksəriyyətinin səsini toplayıb prezident seçkilərində qalib gələk.
-Prezidentliyə namizədliyi olanların içində kimləri özünüzə layiq rəqib hesab edirsiniz?
-Vallah, mən prezidentliyə namizəd kimi müxalif partiyanı təmsil edəcəyəm, ona görə də hesab edirəm ki, hakimiyyətin namizədi ilə tərəf-müqabil olacağam. Ona görə də açığını deyim ki, təvazökarlıqdan bir qədər kənar olsa da, digər namizədlərin içində elə də ciddi bir rəqib görmürəm.
-Bəs millət vəkili Zahid Oruc necə?
-Kim?
-Zahid Oruc...
-Zahid Oruc nəynən əlamətdardır ki, onu xüsusi olaraq ayırırsan?
-Bu yaxınlarda mətbuatda onunla bir yüngülcə sözləşmişdiniz...
-Yox, əşi-i, mən o, səviyyədə adam deyiləm axı! Yəni onlar, belə deyək də, öz çaplarında özləri üçün bir fiqurdurlar. Sən bilirsən ki, mən xalq hərəkatının əvvəl bir günündən öz dəsti-xətti olan, ardıcıl, prinsipial siyasətçiyəm. Mən xalq hərəkatında olanda Zahid Oruc, bəlkə də, anadan olmamışdı.
-Milli Şuranın yarandığı gündən indiyə qədər sərgilədiyi siyasi taktika Sizdə hansı təəssüratı yaradır? Onun təşkilatlanma üslubu. Vahid namizəd, hazırda isə artıq ehtiyat namizəd problemini həll etmə tərzi Sizdə hansı qənaətlər doğurur?
-Mən lap əvvəl bir gündən demişdim ki, Milli Şura ideyası yanlış bir ideyadır və onun həyata keçirilmə prosedurası antidemokratikdir və bu qurum baş verəcək proseslərə yalnız neqativ baxımdan təsirlər göstərə bilər. Təəsüf ki, proqnozlarım düzgün çüxdı. Milli Şura liderlərinin Tiflisdə keçirilən görüşləri artıq tam şəkildə fiasko idi və həmin görüşdə heç nəyə nail ola bilməyəcəkləri əvvəlcədən aydın idi və biz bu barədə mətbuatda proqnoz vermişdik. Sadəcə, Rüstəm İbrahimbəyov düşdüyü oyundan abırlı şəkildə çıxmaq üçün bütün məsuliyyəti Milli Şuranın üzərinə yıxdı. Və mənə elə gəlir ki, siyasətdə nə qədər xam adam olsa da, düzgün addım atdı. Çünki, nəhayət, kimlərlə yola çıxdığını başa düşüb yaxasını bu şəkildə kənara çəkdi. Eyni oyunu vaxtilə bizim başımıza Rəsul Quliyev də gətirib. Ehtiyat namizədin irəli sürülməsinə baxmayaraq, bundan sonra Milli Şuranın görəcəyi bir iş də qalmayıb. Daha Milli Şura bitdi. Bir müddət əvvəl bu qurumun da İctimai Palatanın aqibətini yaşayacağı barədə fikir bildirmişdik. Təəssüf ki, bu öncədeyimlərimiz də düzgün çıxdı. Çox güman ki, bundan sonra ictimai rəydə biabır olmamaq üçün Milli Şuranı bir müddət də saxlayacaqlar. Bundan sonra orada əsas oyunlar Müsavatın başqanı İsa Qəmbərlə AXCP-nin namizədi arasında da davam edəcək. Bu oyunların da nə ilə bitəcəyi bu başdan bəllidir. Ümumiyyətlə, radikal müxalifət adlandırlan kəsimin qarşıdan gələn prezident seçkilərinə lazımi şəkildə hazırlaşa bilməyəcəyi hələ İctimai Palatada gedən proseslərdən bəlliydi. Əslində, Milli Şura elə Tiflis toplantısında prezident seçkilərini bu başdan uduzub. Başqa sözlə, müxalifət "Tiflis qutusu"ndan çıxa bilmədi. Çünki özü özünə səs vermir, buna sanki qıymır.
Milli Şura lap əvvəldən Rüstəm İbrahimbəyov faktoru ilə bağlı idi. Onun da gücü, potensialı Rusiyadakı imkanlı soydaşlarımızın yaratdığı Milyarderlər İttifaqı və onun arxasında duran Rusiya hökuməti ilə bağlı idi. Rusiya prezidenti Vladimir Putinin Bakı səfəri Azərbaycan hökumətinin Rusiya ilə ümumi dil tapması ilə nəticələndi. Bundan sonra Rüstəm İbrahimbəyov oyundankənar vəziyyətə düşdü və nəticə etibarilə Milli Şura iflasa uğradı. Yəni Milli Şuranın indiki mövcudluğu rəhmətə getmiş insanın cəsədini saxlamaqla eyni bir şeydir. Əslinə baxanda, Rüstəm İbrahimbəyovun Azərbaycana qayıtmayacağının bəlli olduğu gün Milli Şura öz fəaliyyətinə xitam verdiyini elan etməliydi. Çünki bu qurumun fəaliyyəti davam etdikcə onun daxilində elə qarşıdurmalara, elə qeyri-sağlam rəqabətə rast gələcəyik ki, Milli Şuraya daxil olan siyasi partiyaların nüfuzuna elə ziyanlar dəyəcək ki, sonra gedib bu qurumdan kənarda da bir iş görə bilməyəcəklər.
-Hər halda, faktiki olaraq, bu gün Milli Şuranın prezidentliyə namizədi tanınmış ziyalı və alim Cəmil Həsənlidir. Onu bir ziyalı və siyasətçi kimi necə dəyərləndirirsiniz? Yayılmış məlumata görə, onun seçki qərargahının rəhbəri Müsavatın funksioneri Arif Hacılı olacaq. Bu halda müsavatçılarla cəbhəçilərin əzəli "mehribanlığı" fonunda nələr baş verə bilər?
-Məsələnin forma üzünü bir tərəfə qoysaq, məlumdur ki, Cəmil bəy AXCP-dən çıxmış bir adamdır və Əli Kərimli ilə çox yaxınlığı var.Ona görə də boykot tərəfdarları və müsavatçılar Cəmil Həsənlinin problemlərinə səmimi şəkildə yanaşmayacaqlar. Onun seçki qərargahının rəhbərinin kim olmasının məsələyə o qədər aidiyyəti yoxdur.Digər tərəfdən isə, Cəmil Həsənli xarizmaya malik deyil. Buna görə də seçkilərdə çoxlu səs toplamaq imkanına malik olmayacaq.
-Belə çıxır ki, İctimai Palatanı müsavatçılarla cəbhəçilərin münaqişələri iflic etdiyi kimi eyni proses Milli Şurada da baş verəcək?
-Dövri mətbuata baxın da! Görmürsünüz, bir-birlərini necə ittiham edirlər, bir-birlərindən nələr danışırlar? Bir vaxtlar deyirdilər ki. Azərbaycan xalqının ən layiqli oğulları Milli Şuraya yığışıb, bu qurumdan kənarda qalanlar ya hökumətin adamıdır, ya da xalqın düşmənidir. İndi məlum olur ki, bu xalqın düşmənləri Milli Şuranın öz içindədir. Deyirlər ki, onların otuz faizə yaxını agentdir. Bir təşkilatın ki otuz faizi agentlərdən ibarətdirsə, o təşkilat xalqa nə verə bilər?
Söhbətləşdi:
Fərzuq Seyidbəyli
Digər Xəbərlər
2024-12-25 20:58:12
2024-12-25 20:30:19
2024-12-25 19:19:09
2024-12-25 18:32:06
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05