Mayın 21-də Türkiyənin Ankara şəhərində keçiriləcək “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransda iştirak məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin başçılığı ilə nümayəndə heyəti Ankaraya səfər edib.

"Unikal" xəbər verir ki, nümayəndə heyətinə Prezident Administrasiyasının rəsmiləri, Milli Məclisin deputatları, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin, ADA Universitetinin, Qərbi Azərbaycan İcmasının və “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin nümayəndələri daxildir.

Səfər iştirakçıları mayın 20-də Ankaradakı Heydər Əliyev Parkında Azərbaycan xalqının Ümummilli Liderinin abidəsinin ziyarət edərək önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.

Sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn edildiyi Anıtqəbir ziyarət olunub, Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyulub, əziz xatirəsi yad edilib.

Daha sonra Türkiyə Böyük Millət Məclisində sədr Numan Kurtulmuşla keçirilən görüşdə Azərbaycan ilə qardaş ölkə arasında parlamentlərarası münasibətlərin sağlam təməllər üzərində qurulduğu qeyd olunub, bu dostluq və qardaşlıq əlaqələrinin beynəlxalq müstəvidə gətirdiyi dividendlər, parlamentlərdə fəaliyyət göstərən dostluq qruplarının fəaliyyətinin daha da gücləndirilməsi məsələləri haqqında danışılıb.

Türkiyə Respublikası Prezidentinin Administrasiyasında vitse-prezident Cevdet Yılmazla görüşdə isə iki qardaş ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafı haqqında fikir mübadiləsi aparılıb. Tərəflər Prezident İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın yorulmaz və qətiyyətli addımları nəticəsində Azərbaycanın və Türkiyənin “Bir millət, iki dövlət” ideyasını hər zaman qoruduğunu, ən çətin anlarda bir-birinə dayaq olduqlarını xüsusi vurğulayıblar.

Səfər çərçivəsində, həmçinin Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Efkan Ala ilə görüş keçirilib. Görüşdə hakim siyasi partiyaların gələcəkdə müxtəlif məsələlərlə bağlı qarşılıqlı təcrübə mübadiləsinin dərinləşdirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, beynəlxalq konfransa Azərbaycan və Türkiyədən 200-dən çox iştirakçı qatılacaq.

*** 16:26

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.

"Unikal" xəbər verir ki, səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Ədalət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

TBMM sədri görüşdə Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətləri və əməkdaşlığı daha da inkişaf etdirmək istədiklərini bildirib və parlament diplomatiyasının bütün sahələrdə əlaqələrin möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb etdiyinə inandıqlarını vurğulayıb.

Numan Kurtulmuş həmçinin parlamentlərarası əməkdaşlıq mexanizmlərinin inkişafına xüsusi önəm verdiklərini də qeyd edib.