2024-cü ilin iyul ayında Azərbaycanda taksi sistemi ilə bağlı yeni qaydalar qüvvəyə mindikdən sonra sürücülər və bu sahədə fəaliyyət göstərən sahibkarlar yeni yollar axtarmağa başladılar. Bu məsələlərdən ən vacib olanı isə taksidə hansı avtomobillərdən istifadə olunacağı idi. Keçmişə nəzər salsaq görərik ki, ölkənin taksi sistemində fəaliyyət göstərən avtomobillər əsasən “Toyota Prius”lar idi. Bunun səbəbi çox sadədir: Sözügedən maşınlar əsasən Amerika bazarından aşağı qiymətə ölkəyə gətirilirdi. Yanacaq sərfiyyatının az, avtomobilin ciddi problem yaratmaması səbəbindən taksidə bu maşınlara üstünlük verilirdi.
Ötən il yeni qərarlar qəbul olundu və “Prius”lar taksiyə yararsız hesab edildi. Bununla belə, istehsal ili 2010-dan yuxarı olan bəzi “Prius”lar hələ də taksidə istifadə oluna bilir. Səbəb isə 1 iyul 2024-cü il tarixinə qədər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edənlərə bu icazənin verilməsidir. Bir az da konkretləşdirsək: Onlar yaşı 15-dən az olan avtomobillərlə taksi işləmək üçün müraciət etmişdilər. Həmin şəxslərin müraciətlərinə müsbət cavab verilib. 1 iyul 2024-cü il tarixindən sonra müraciət edənlər üçün isə tələb başqa cür oldu. AYNA-nın məlumatına görə, hazırda taksi fəaliyyəti üçün müraciət edən avtomobillərin yaşı 8 ildən az olmalıdır.
Belə olduğu təqdirdə, sahibkarlar və fərdi taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər yeni avtomobillərin axtarışına çıxdılar. Bir müddət onlar kütləvi şəkildə “Chevrolet Cobalt” markalı maşınları almağa başladılar. Vurğulamaq yerinə düşər ki, bu avtomobillər Azərbaycanda istehsal olunur. Hazırda taksi işləyən “Cobalt”ların əksəriyyətinə yanacaq xərclərini azaltmaq üçün maşınlara əlavə olaraq qaz avadanlığı (CNG) quraşdırılıb.
İndi isə keçək əsas mətləbə. Bir müddət əvvəl taksidə Çin istehsalı olan “BYD Destroyer 05”, “BYD Qin Plus” və “Changan Qiyuan A05” dalğası başladı. Həmin avtomobillər Azərbaycana kütləvi şəkildə gətirildi. Bu proses hələ də davam edir.
Sözügedən maşınların dəyəri təxminən 20-25 min manat aralığındadır. Məsələ orasındadır ki, “BYD” və “Changan”lar ölkəmizdə istehsal olunan “Cobalt”ı üstələdi. Səbəb isə olduqca sadə idi: Çin istehsalı avtomobillər təxminən eyni qiymət aralığında daha yüksək komfort, innovativ texnologiyalar təqdim edir. Lakin bu o demək deyil ki, “Cobalt”lar artıq taksidə yoxdur. Sadəcə xarici taksi şirkətləri “Cobalt”ı “komfort” kateqoriyasından kənarlaşdırdılar. Aydın məsələdir ki, “komfort” kateqoriyasında qiymətlər daha yüksəkdir və hər bir sürücü orada işləmək istəyir. “Cobalt”lar “ekonom” kateqoriyasına yerləşdirildiyinə görə, bu avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlərin sayı daha da azaldı.
Bəs “BYD” və “Changan” avtomobilləri taksi fəaliyyəti ilə məşğul olmaq üçün nə dərəcədə uyğundur? Həmin məsələdən danışmazdan öncə başqa bir vacib nüansa – taksi sürücüsünün avtomobildə hansı xüsusiyyətləri axtardığına toxunmaq istərdik.
Qiymətinin əlçatan, istehsal ilinin isə yeni olması - Əvvəldə də qeyd etdiyimiz kimi, ölkəmizdə yalnız yaşı 8-dən aşağı olan avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olmaq üçün icazə verilir. Belədə isə taksi sürücüsü və ya sahibkar həm yeni, həm də qiyməti nisbətən ucuz olan maşına üstünlük verməli olur.
Maşının dözümlülüyü - Taksi sistemi avtomobil üçün olduqca ağır şəraitdə işləmək deməkdir. Heç kimə sirr deyil ki, şirkətlərlə əməkdaşlıq edən sürücülər gün ərzində minimum 10 saat fasiləsiz taksi fəaliyyəti ilə məşğul olurlar. 12-14 saat işləyənlərin sayı da az deyil. Nəticədə, sürücü kimi avtomobil də “yorulur”. Onun mühərriki, sürətlər qutusu, asqı sistemi və digər işlək hissələri daha tez sıradan çıxır. Buna görə də, avtomobilin mühərriki və sürətlər qutusu sadə sistemə sahib olmalı, digər işlək hissələri isə dözümlü olmalıdır ki, tez-tez təmirə getmək məcburiyyəti yaranmasın.
Rahat satılması və dəyərini saxlaması - Yeni avtomobillə taksi fəaliyyəti göstərən sürücü də ömrünün axırına qədər həmin maşını sürməyəcək. Bir neçə il sonra həm avtomobilin köhnəlməsi, həm də tələblərə görə taksi sürücüsü maşınını yeniləməli olacaq. Ona elə bir avtomobil lazımdır ki, bir neçə il sonra satışa çıxardığı zaman həmin maşına bazarda hələ də təlabat olsun. Həmçinin, avtomobil öz dəyərini kəskin şəkildə itirməməlidir ki, sürücü onu satdığı zaman çox “uduzmasın”.
Ehtiyat hissələrinin rahat tapılması və ucuz olması - Bu məsələ də ən azı digərləri qədər vacibdir, çünki, taksi fəaliyyəti göstərən şəxs xərclərini ödəmək üçün demək olar ki, hər gün işləməlidir. Heç kim bir ehtiyat hissəsinə görə həftələrlə və ya aylarla avtomobilinin "yatmasını" istəməz. Ümumilikdə, maşının ehtiyat hissələri rahat tapılan və qiyməti əlçatan olmalıdır.
Maşının sadə sistemə sahib olması - Azərbaycanda sürücülər tərəfindən bəyənilən avtomobillərin siyahısına nəzər salsaq görərik ki, burada əsasən sadə mühərrik və sürət qutusu ilə təchiz olunmuş maşınlar üstünlük təşkil edir. Avtomobilin yanacaq sisteminin və sürətlər qutusunun mürəkkəb olması hər zaman sürücülərin “qaçdığı” məsələlər siyahısında olub. Qarışıq texnologiyalar daha ciddi və intensiv qulluq tələb edə bilər. Vurğulamaq yerinə düşər ki, bu öz növbəsində əlavə xərclər deməkdir. Beləliklə, Azərbaycanda sürücülər gec xarab olan, nasazlıq yarandığı zaman belə onun aradan qaldırılması rahat və çox da baha olmayan avtomobilləri idarə etməyi sevirlər.
İndi isə "BYD" və "Changan" markalı avtomobillərin sadaladığımız xüsusiyyətlərə uyğun olub-olmadığını dəqiqləşdirək. Məsələni avtomobil sahəsi üzrə ekspert Şahin Qasımovla birlikdə araşdırmağa çalışdıq.
Ekspert saytımıza açıqlamasında bildirib ki, hazırda vətəndaşlarımıza çox sərfəli görünən "BYD" və "Changan" avtomobilləri əslində ucuz deyil: "Bu maşınların alıcıya ucuz gəlməsinin səbəbi onların əlavə dəyər vergisindən (ƏDV) azad olmasıdır. Bu səbəbdən həmin maşınlar təxminən 4 min manat ucuzlaşır. Əgər onların qiymətini 4 min manat artırsaq, həmin maşınlar cəlbedici olmayacaqlar. Digər bir səbəb isə Çin dövlətinin bu avtomobillərin istehsalına külli miqdarda subsidiya ayırmasıdır".
Şahin Qasımov vurğulayıb ki, plaq-in hibrid texnologiyası həddindən artıq qarışıq sistemdir: "Burada iki və çətin texnologiyanın birləşməsindən söhbət gedir. Nəticədə mürəkkəb texnologiya ortaya çıxır. Plaq-in hibrid elektromobilin və daxili yanma mühərriki ilə işləyən nəqliyyat vasitələrinin sistemlərinin bir-birinə inteqrasiyasıdır. Sözügedən texnologiyanın hazırda dünyada istifadə olunmasının əsas səbəbi dövlət normaları ilə bağlıdır. Belə ki, bir çox inkişaf etmiş ölkələrdə avro-6 tələbi olduğuna görə, şirkətlər belə qarışıq sistemlərdən istifadə etmək məcburiyyətində qalırlar. Nəticədə karbon emissiyaları aşağı salınır. Bəs bu bizə lazımdırmı və sərfəlidirmi? Xeyr, qətiyyən. Səbəbi isə ondan ibarətdir ki, bizim ölkəmizin belə bir norması yoxdur. Bizə sadə və uzunömürlü avtomobillər lazımdır".
Ekspert taksidə istifadə olunan “BYD” və “Changan” avtomobillərinin ömrünün nə qədər olduğuna dair suala belə cavab verib: “Müasir dövrdə istifadə etdiyimiz telefonlar “Litium-ion” batareyalara malikdirlər. Onlar satışa çıxarılanda belə bir göstərici açıqlanır: Misal olaraq, batareyanın ömrü 1000, 1500 və ya 2000 tsikldır (dövr). Təxminən 3 illik istifadədən sonra müşahidə edirik ki, batareyanın ömrü xeyli qısalıb. Tez-tez enerjiyə taxaraq telefonu istifadə etməyə başlayırıq. Telefonun batareyasını gün ərzində bir neçə dəfə dolduraraq 5-6 ilə qədər istifadə edə bilərik.
Təəssüf ki, avtomobildə bu mümkün olmur. Maşın böyük güc istəyir. Bunun üçün batareyalar ən azı 80-90 faiz gücündə olmalıdır. Beləliklə, 1000-1200 tsikldan sonra, kobud götürsək müddət olaraq 3 ilin sonunda biz bütün batareyaların dəyişməli olduğunu görəcəyik. Onu da əgər həmin dövrdə tapmaq mümkün olsa… Çin tərəfi deyə bilər ki, bu artıq köhnə texnologiyadır və biz həmin batareyaları satmırıq, çünki haqqında bəhs etdiyimiz avtomobillər uzunömürlülük üçün nəzərdə tutulmayıb. Yeri gəlmişkən, artıq “Changan A05”in istehsalı dayandırılıb. Cəmi 1 il istehsal edilən avtomobil üçün nəyə görə uzun illər batareya təminatı olsun ki? Buna ehtiyac yoxdur axı. Onlar birdəfəlik istifadə üçün nəzərdə tutulan avtomobillərdir”.
O əlavə edib ki, plaq-in hibrid texnologiyası ilə təchiz olunmuş “BYD” və “Changan”ları Çində istifadə etmək sərfəlidir: “Həmin maşınlar üçün Çində bəzi imtiyazlar nəzərdə tutulub. Belə ki, onlar nömrə xərcindən azaddırlar, qısa müddətdə qeydiyyata almaq olur. Vurğulayım ki, Çində digər avtomobillərin qeydiyyata alınması olduqca çətin bir prosesdir.
Bundan başqa, orada yanacağın qiyməti çox bahadır, litri 1,5 dollar təşkil edir. Plaq-in hibrid avtomobillərlə qısa məsafələri elektrik enerjisi hesabına qət etmək olur deyə, onlar Çində qənaətcil maşınlar hesab olunur.
Xüsusi qeyd etmək lazımdır ki, bu avtomobillər Çinin daxili bazarı üçün 3 illik zəmanətlə və çox yaxşı şərtlərlə satılır. Belə ki, Çində bu maşınlar üçün 3 illik ilkin ödənişsiz kredit zamanı hər ay cəmi 300 dollar ödəniş tələb olunur. Hələ ilkin ödəniş edilsə, aylıq məbləğ daha da aşağı olacaq.
Çinli düşünür ki, 30 min dollara maşın alsa, onu 3 il sonra 15 min dollara sata biləcək və 50 faiz dəyər itirəcək. “BYD” və “Changan” nümunəsinə baxsaq, bu da həmin şeydir. Bəzi çinlilər 30 min sərmayə qoyub 15 min itirməkdənsə, elə həmin maşınları alıb ömrü bitdiyi zaman isə tullantıya çevrilməsini daha sərfəli hesab edirlər. Bu isə azərbaycanlıların düşüncəsinə uyğun deyil, çünki biz 25 min manat maşına pul verib, 3 il sonra onu ata bilmərik. Eyni zamanda, həmin avtomobillərin 3 il problemsiz idarə olunacağına da heç kim zəmanət vermir, çünki bəzən müəyyən xətalar meydana çıxır".
Şahin Qasımovun sözlərinə görə, bu avtomobillərin ömrü tsiklla götürülür: "Həmin avtomobillərin elektriklə qət edə bildikləri məsafə 50 km-dir və 3 il hər gün 1 dəfə batareyanı dolduranda, bu, 75 min km edir. 2000 dövrlə belə götürsək, bu, maksimum 150 min km deməkdir. İstənilən halda həmin vaxt bu maşınlarda ciddi xətalar yaranacaq. Təxminən 1 il 6 ay sonra ciddi problemlərin yarandığını görəcəyik".
Ekspert onu da qeyd edib ki, sözügedən avtomobillərin sıradan çıxması bank və sığorta sisteminə təsirsiz ötüşməyəcək: “Hər hansı Azərbaycan şirkətinə zərər dəyməsi istər-istəməz dövlətə də ziyan deməkdir. Mən bir müddət əvvəl də demişdim ki, bu proses avtomobil alqı-satqısı ilə məşğul olan şəxsləri, bəzi avtomobil servislərini və ehtiyat hissələri mağazalarını iflasa aparacaq. Həmin sektorda çalışanlarla əlaqələrim var deyə, bu prosesi əyani şəkildə görürəm. İnsanlar öz bizneslərini itirirlər. Belə bir sual yarana bilər ki, onlar niyə 2-3 il dözə bilmirlər? Səbəb isə ondan ibarətdir ki, mağaza sahibinin də öz xərcləri və öhdəlikləri var.
Maşın bazarının bugünkü vəziyyəti hər kəsə məlumdur. Azərbaycanda dizel və benzin mühərrikli avtomobillərə yönümlü 20-25 ildir mövcud olan bir sistem var idi. İkinci əl avtomobillərin satışından bir çox insan qazanc əldə edirdi. Haqqında bəhs etdiyimiz avtomobillər bu sahəni məhv edir. Bunun sonunda şiddətli işsizlik ortaya çıxacaq. Bazar demək olar ki, dağılacaq və yenidən qurulacaq”.
Ş.Qasımov taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin hansı növ avtomobillərdən istifadə etməli olduqlarını da açıqlayıb: “İlk öncə onu qeyd edim ki, taksi fəaliyyətinin 3 ili xərcə gedir. Bu müddət ərzində sahibkar maşına qoyduğu pulu geri götürür. Yəni, qazanc əldə etmək üçün bizə 5-7 il işləyə bilən avtomobillər lazımdır. Əgər bir maşının pulu 3 ilə zorla geri qayıdırsa və yenidən gedib maşın alınırsa, deməli, bu, sahibkar üçün sərfəli deyil. Fərdi yanaşmada bəzi insanlar üçün sərfəli ola bilər, çünki o düşünür ki, onsuz da maşın almalı idi və taksi işləyərək 3 ildən bir maşını satıb yenisini alacaq. Burada da diqqət edilməli vacib bir məqam var: Həmin şəxs 3 il sonra maşını satır və pulunun üzərinə müəyyən məbləğ əlavə etdikdən sonra yenisini alır. Təəssüf ki, “BYD” və “Changan”da bu mümkün olmayacaq. Çünki 3 il sonra həmin maşınlar satılmayacaq. Səbəbi isə bir qədər öncə qeyd etdiyim, batareyaların və digər ehtiyat hissələrinin tapılmaması və şiddətli şəkildə baha olması ilə əlaqədardır.
6-7 il taksidə sürülə biləcək avtomobillər isə sadə sistemə malik alman maşınları, “Volkswagen”, “Toyota” və ya “Honda” modelləridir. Mütləq mənada sadə sistemə malik modellər olmalıdır, çünki sadə sistem təmir oluna bilir, amma qəliz sistemi təmir etmək sərfəli olmur. Misal üçün, “BYD”nin batareyasının qiyməti 10 500 manatdır. Nəyə görə 20 min manatlıq avtomobilin batareyasına 10 min manatdan çox pul verilməlidir? Bu, mənasızdır.
Adını qeyd etdiyim digər markalarda isə bu belə deyil. Həmin avtomobillərin ən bahalı hissələri mühərrik və sürətlər qutusu hesab olunur, onlar da təmirə yararlıdır və xərci 10 min manat deyil”, - deyə ekspert vurğulayıb.
Mövzunu ümumiləşdirsək, hazırda taksi fəaliyyəti ilə məşğul olanlar yeni bir dövrün sınağından keçirlər. Sahibkarlar bu dövr ərzində müflis olmaq təhlükəsi ilə üz-üzə qala bilərlər. Onlar öz seçimlərində çox diqqətli olmalıdırlar. Çin avtomobillərinin onların tələblərinə hansı mənada cavab verəcəyini isə zaman göstərəcək.
Murad İbrahimli