Sabirabadda 16 yaşlı Nuranə Ələkbərova öldürülərək Kür çayına atılıb. Prokurorluq öz işini görür, bu öz yerində. Başqa nisbi sakitlikdir, hamı susur. Elə bil ki, belə də olmalıdır...

Deməli, biz canlı "Ölülər"ik, Şeyx Nəsrullah da yeniyetmə qızı işgəncələrlə öldürüb Kür çayına atan "əri" Seyidrəsul Talıbzadə.

Hələ də 18-19-cu əsrlərin oxşar problemlərini yaşayırıq. Məsələnin lap əvvəlində qız evinin cahilliyinin dayandığını düşünürəm. Ata 15 yaşlı uşağını ər evinə göndərəndə bilməli idi ki, onu hər iki mənada ölümə göndərir. Axı hansı ata öz qızından bu qədər bezər, anlam verə bilmirəm. 

Bəlkə də "qızını döyməyən dizini döyər" deyimi "qızını tez ər evinə göndərən dizini döyər" sözləri ilə əvəz olunmalıdır. 

Ailənin, ən əsası da indi dizinə döyüb fəryad edən atanın səhlənkarlığı bir yana, keçək əsas məsələyə:

2009-cu il təvəllüdlü qurbanın atası bildirib ki, əri onun qızını işgəncə ilə öldürüb: "Dedilər ki, “ağır seyidik, bu bala mənim balamdır, narahat olmayın. Bu qızı ər evindən heç kim apara bilməz, aparan da xeyir tapa bilməz”. Ona görə də susduq. Mən onu özüm maşına mindirib aparmışdım. Məndən sonra gəlib qızımı aldadıb aparıb. 17-si qızımı öldürüb, dünən xəbəri gəlib. Onun valideyni bilirmiş. Gülə-gülə Kürdən çıxardı meyiti". 

Əlqərəz, indiyə qədər "Dəli Kür"ün suyuna çox nahaq qan qarışıb. Amma burada mövzu başqadır. Bu cinayətdə "seyid cəddinə arxayın olduğu kimi..." məsəli tam yerinə düşür. Demək, hər dəfə qız evi oğlan tərəfinin seyid olması əsası ilə susurmuş. Yəqin, qızı da seyid adından istifadə edərək qeyri-rəsmi nikaha salıblar. 

Bəlkə, "Həsən Ağa"nın qohumudur deyə, bizim boynumuza minməlidir? İndi həmin seyidi cəddi həbsdən xilas etsin, görək qanun güclüdür, yoxsa cinayətkar "seyid"? 

Ağarza Elçinoğlu