"Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri iki dost və strateji tərəfdaş ölkə arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir. Budapeştdə keçirilmiş danışıqlar çərçivəsində regional və qlobal gündəmi təşkil edən əsas məsələlər ətrafında əhatəli fikir mübadiləsi aparılıb, tərəflər arasında qarşılıqlı anlaşma və ortaq mövqelərin mövcudluğu bir daha qəti şəkildə təsdiqlənib". 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Parlamentari bildirib ki, Azərbaycan və Macarıstan arasında münasibətlər tarixi və mədəni əsaslar üzərində formalaşıb.

"İki dövlət arasında münasibətlərdə enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Macarıstan şirkətləri ölkəmizin əsas enerji layihələrindən olan “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında paya malikdir.  

Azərbaycan bu gün 12 ölkəyə təbii qaz ixrac edir, onların 10-u Avropa ölkəsidir və 8-i Avropa İttifaqının üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş kimi tanıyır. Bununla yanaşı, Azərbaycanın yaşıl enerji strategiyası da Macarıstanla əməkdaşlıqda mühüm yer tutur. Növbəti beş il ərzində 6000 meqavat gücündə yaşıl enerji istehsalı nəzərdə tutulur ki, bu da 3-4 milyard kubmetr təbii qaza qənaət etməyə imkan verəcək. Azərbaycan ilə Macarıstan beynəlxalq müstəvidə bir-birinin maraqlarının müdafiəsini xüsusi diqqət mərkəzində saxlayırlar. Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası məsələsində bu döst ölkənin ədalətli mövqeyi yüksək dəyərləndirilir. 

Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi təşəbbüsü ilk dəfə Azərbaycan tərəfindən irəli sürülüb və bu ənənə Macarıstan tərəfindən uğurla davam etdirilir. Mayın 21-də Budapeştdə keçirilən növbəti qeyri-rəsmi Zirvə görüşü Türk dünyasında inteqrasiyanın möhkəmlənməsinə xidmət edən əhəmiyyətli bir faktordur. Macarıstanın Avropa İttifaqı çərçivəsində müstəqil siyasət yürütməsi onun suverenliyə və milli maraqlara sadiqliyinin göstəricisidir. Avropa İttifaqı daxilində müstəqil qərarlar qəbul etmək, şübhəsiz ki, cəsarət və strateji baxış tələb edir. 

Azərbaycan-Macarıstan münasibətləri hər iki ölkənin maraqlarına və suverenliyinə əsaslanan, real nəticələrə söykənən strateji tərəfdaşlıq modelidir. Bu tərəfdaşlıq mədəni, humanitar, təhlükəsizlik və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı da əhatə edir. Prezident İlham Əliyevin sözügedən səfəri bu münasibətlərin qarşılıqlı etimada və ortaq məqsədlərə əsaslandığını bir daha sübut edir".