Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasının “Xalq Bank” ilə iqtisadiyyat və idarəetmə istiqamətində mütəxəssis hazırlığı sahəsində əməkdaşlığı çərçivəsində “Bank işinin təşkili” mövzusunda elmi seminar-təlim keçirilib. 

"Unikal" xəbər verir ki, kafedranın müdiri professor Məhəbbət Məmmədov çıxış edərək elm, təhsil və istehsalat əlaqələrinin inteqrasiyasının təşkili, eləcə də bu istiqamətdə mütəmadi təlim və elmi seminarların aparılmasının mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsindəki rolundan danışıb. Tələbə gəncləri seminar-təlimdə aktiv olmağa dəvət edib. 

Seminar-təlim  “Xalq Bank”ın Maliyyə Analitikası və İdarəetmədə Məsuliyyət Departamentinin maliyyə analitiki, kafedranın doktorantı Said Ələkbərov tərəfindən aparılıb. O,  ingilis dilində “Bank işinin əsasları” mövzusunda təqdimatla çıxış edib.  Bankın təşkili mexanizmi, bankçılığın qısa tarixi, bankların əsas funksiyaları, depozitlərin cəlb edilməsi və vəsaitlərin yerləşdirilməsi, kredit fəaliyyəti – istehlakçı, korporativ, ipoteka kreditləri, ödəniş və hesablaşma xidmətləri, valyuta əməliyyatları və beynəlxalq tranzaksiyalar, bankın balans hesabatının strukturu, Mərkəzi Bankın və beynəlxalq standartların (məsələn, Basel III) rolu barədə tələbə gəncləri məlumatlandırıb. 

Məruzənin sonunda mövzu ətrafında tədbirdə iştirak edən gənc müəllimlər və tələbələr  müzakirələr aparılıb,  iştirakçılarda yaranan suallar məruzəçi tərəfindən ətraflı cavablandırılıb. Bu istiqamətdə mütəmadi seminar və təlimlərin aparılması məqsədəuyğun hesab edilib.