Dələduzluq və digər cinayət əməllərində təqsirləndirilənlər "Təbriz" MTK-nın rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məmmədovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfləri cavabdeh olan MTK-nın balansında olan bütün daşınmaz əmlakların siyahıya alınaraq üzərilərinə həbs qoyulması ilə bağlı vəsatət təqdim ediblər.
Prosesdə iştirak edən zərərçəkənlər də vəsatəti müdafiə edərək məhkəmədən onun təmin olunmasını, cinayət yolu ilə əldə edilmiş əmlakların satılaraq dəymiş zərərlərin ödənilməsinə yönləndirilməsini istəyiblər.
Hazırda əsas mübahisə predmeti isə "Atlant" istirahət mərkəzinin rəhbəri Tahir Qədəşovun baş verənlərə görə cavabdeh olduğu məsuliyyətdən kənarda qalmasıdır.
Vəkillər və müdafiəçilərin əsas tələbi "Atlant" istirahət mərkəzinə qoyulmuş həbsin götürülərək satılıb zərərçəkənlərə ödənilməsidir.
Prosesdə eyni mənzilin satıldığı iki zərərçəkən ifadə verərək bildiriblər ki, müqavilələrdən biri 2018-ci il, digəri isə 2019-cu ildə bağlanılıb. Təqsirləndirilən Nofəl Hacıyev isə eyni mənzilin hər iki sahibini tanımadığını deyib.
Sərbəst ifadə verən şahidlərdən biri "Təbriz" MTK-nı mişar daşı ilə təmin edən daş karxanasının sahibi olub. İfadəsi zamanı Tahir Qədəşovla qonşu olduğunu, kürəkəni Nofəl Hacıyevi də onun işlərini həyata keçirən şəxs kimi tanıdığını deyib:
"Məndən 50 min ədəddən artıq mişar daşı alıblar. Həmin daşlar bildiyim qədərilə həm digər obyektlər, həm də "Atlant" istirahət mərkəzindəki tikinti işləri üçün aparılırdı".
İstintaq materiallarında yazılıb ki, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində “Tərbiz” MTK-nın Nərimanov rayonu ərazisindəki tikilmiş binasından bir mənzili bir neçə nəfərə satıb. Nəticədə 172 vətəndaşın 14 milyon manat pulu dələduzluq yolu ilə ələ keçirilib.
Xatırladaq ki, Nofəl Hacıyev “Atlant” istirahət mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni, eyni zamanda istirahət mərkəzinin şərikidir. İttihama görə, o, vətəndaşlardan alınan 14 milyon manatı “Atlant”ın təmir-tikinti işlərinə yatırıb.
Onu da qeyd edək ki, məhkəmə istintaqı ilə əlaqədər "Təbriz" MTK-nın Nərimanov rayonu ərazisində sözügedən yaşayış binası və Nabran qəsəbəsində, dəniz sahilində yerləşən "Atlant" istirahət mərkəzinə həbs qoyulub.
Seymur Əli