Dövlət büdcəsinin sosial xərclərinin məbləği açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabatında qeyd olunub.
2024-cü il ərzində məcmu olaraq sosialyönlü xərclər (büdcə xərclərinin əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, əhalinin icbari tibbi sığortalanması, kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər (20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara pul kompensasiyanın verilməsi ilə bağlı xərclər) dövlət büdcəsi xərclərinin 38,9 faizi həcmində və ya 14652,7 milyon manat məbləğində icra olunmuşdur ki, bu da 2023-cü illə müqayisədə 303,6 milyon manat və ya 2,1 faiz çoxdur.
Son 5 ildə, yəni 2020-ci illə müqayisədə 2024-cü ildə sosialyönlü xərclər mütləq ifadədə 4013,5 milyon manat və ya 37,7 faiz artıb.
Sosialyönlü xərclərə aid olan əməyin ödənişi xərclərinə 8406,4 milyon manat (2023-cü illə müqayisədə 276,4 milyon manat və ya 3,4 faiz çox), sosial ödənişlər üzrə xərclərə 4253,0 milyon manat, ərzaq məhsullarının alınması və təminatı üzrə xərclərə 463,6 milyon manat (2023-cü illə müqayisədə 55,7 milyon manat və ya 13,7 faiz çox), dərman, sarğı ləvazimatlarının və materiallarının alınması xərclərinə 126,8 milyon manat (2023-cü illə müqayisədə 10,7 milyon manat və ya 9,3 faiz çox), əhalinin icbari tibbi sığortalanması və səhiyyə sahəsində dövlət proqramlarının və tədbirlərinin icrası ilə bağlı xərclərə 1368,0 milyon manat (2023-cü illə müqayisədə 104,2 milyon manat və ya 8,2 faiz çox), 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması xərclərinə 35,0 milyon manat vəsait yönəldilib.
Anar Kəlbiyev