Xəbər verdiyimiz kimi, Pakistanın Baş naziri Şahbaz Şərifin təyyarəsi Laçın Beynəlxalq Hava Limanına eniş edib. 

"Unikal" Pakistan mətbuatına istinadən xəbər verir ki, Şahbaz Şərif Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə mühüm görüş keçirəcək, görüşdə ikitərəfli münasibətlər, iqtisadi əməkdaşlıq və regional məsələlər müzakirə olunacaq. 

Baş nazir həmçinin Hindistan-Pakistan müharibəsində Azərbaycanın Pakistana göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə xüsusi təşəkkürünü bildirəcək.

Bildirilib ki, baş nazir bu gecə Bakıda qalacaq, xarici səfərinin növbəti mərhələsi isə sabah hava limanının açılışından sonra yola düşəcəyi Tacikistan olacaq.

Şahbaz Şərifin Laçın Beynəlxalq Hava Limanına Pakistanın hərbi təyyarəsi ilə gəlməsi də diqqət çəkib. Baş nazirin Hindistanla münaqişə fonunda hərbi təyyarədən istifadə etdiyi deyilsə də, məlum olub ki, Şərif əvvəllər də sözügedən təyyarə ilə səfərlər edib və bu, onun səfərləri üçün nəzərdə tutulub. 

Baş nazirin səfəri Pakistanın diplomatik əlaqələrinin daha da möhkəmləndirilməsi, iqtisadi və ticarət əlaqələrinin təşviqi baxımından əhəmiyyətli kimi qiymətləndirilir.

Ağarza Elçinoğlu