Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) qurumun tabe təşkilatı olan Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) idmançıları və məşqçi-müəllimləri ilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov idmançıları və məşqçiləri qazanılan nailiyyətlərə görə təbrik edib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər və idman siyasətinin hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini diqqətə çatdıran Konfederasiya sədri ölkəmizin idman uğurlarından danışıb. Diqqətə çatdırılıb ki, aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycan idman və olimpiya hərəkatının inkişaf səviyyəsinə görə dünyanın aparıcı ölkələrindən biri hesab olunur.

Gənc nəslin sağlamlığının təmin edilməsində, gənclərimizin Vətənə, xalqa layiqli övlad kimi yetişməsində idmanın əvəzsiz rolunu qeyd edən Konfederasiya sədri cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Qələbəmizi şərtləndirən əsas amillərdən birinin də məhz sağlam ruhlu, vətənpərvər gənclərimiz olduğunu vurğulayıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da ölkəmizdə həyata keçirilən uğurlu idman və gənclər siyasətinə töhfə verir, AHİİTA-nın idmançıları ölkə və beynəlxalq səviyyəli yarışlarda yüksək nəticələr göstərir, medallar qazanırlar.

Sonra çıxış edən AHİİTA-nın direktoru Tural Qasımov idmançıların nəticələri barədə ətraflı məlumat verib.

Rumıniyada keçirilən 15-ci Avropa Karate Çempionatında qızıl medal qazanmış Fatimə Cəbrayılova diqqət və dəstəyə görə idmançılar adından təşəkkürünü bildirib və qarşıdakı yarışlara hazırlaşdıqlarını qeyd edərək, idmançıların qələbə əzmində olduqlarını bildirib.

AHİİTA-nın boks və yunan-Roma güləşi üzrə məşqçi-müəllimləri - Ceyhun Rüstəmov və Akif Əliyev çıxış edərək dövlətimizin idman siyasətindən, AHİİTA-da idmançıların yetişməsi üçün yaradılan şəraitdən bəhs ediblər.

Sonda göstərdikləri yüksək nəticələrə görə idmançılara və məşqçi-müəllimlərə təşəkkürnamə və mükafatlar təqdim olunub.