27 may 2025-ci il tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhəri, 28 May Mədəniyyət evində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 may - Müstəqillik Günü münasibəti ilə tədbir keçirilib.  

"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısı Malik İsaqov, hüquq-mühafizə orqanları, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, RİH-nin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, ictimaiyyət nümayəndələri iştirak edirdilər. 

Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.   

Dövlət Himni səsləndirildi, Müstəqillik gününə həsr olunmuş film nümayiş olundu. 

Tədbirdə məruzə ilə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva 28 May - Müstəqillik Günü münasibətilə tədbir iştirakçılarını Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqovun adından təbrik edərək, onlara möhkəm can sağlığı və müstəqil ölkəmizin uğurlarına tövhə verən fəaliyyətlərində nailiyyətlər arzuladı.

Qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm yeri vardır. Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə çəmi 23 ay fəaliyyət göstərsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır. 1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. Lakin 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixinə durğunluq, özbaşınalıq, hakimiyyət daxili hərc-mərclik illəri kimi həkk olundu. Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana həqiqi müstəqillik gətirdi. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə ölkənin ictimai - siyasi, elmi - mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Ümummilli lider Heydər Əliyevin qətiyyətli səyləri nəticəsində 1994-cü il oktyabr və 1995-ci ilin dövlət çevrilişi cəhdlərinin qarşısı alındı.

Müstəqil Azərbaycan Respublikasının banisi görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Demokratik Respublikası haqqında söylədiyi fikirlər bütün zamanlar üçün aktuallığını saxlamaqdadır: ”Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, Müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir. Biz bu varisçilik prinsipini şərəflə, sədaqətlə yerinə yetiririk və yetirəcəyik”. 

Bu gün Azərbaycanın demokratik və iqtisadi inkişafı, hüquqi, dünyəvi dövlətin formalaşdırılması dövlət müstəqilliyinin bəhrəsidir. Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev xalqımızın tarixi keçmişinin öyrənilməsi kimi məsələləri daim diqqət mərkəzində saxlayır. Ulu öndərin tariximizə doğma, təəssübkeş münasibəti Prezident İlham Əliyevin də fəaliyyətində prioritet təşkil edir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mühüm siyasi xətt bütün konturları ilə Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir. 

Heydər Əliyevin qurub yaratdığı Azərbaycanda təməlini qoyduğu işlər hədər getmədi. Onun layiqli siyasi varisi olan İlham Əliyev bu gün həmin təməl prinsipləri əsasında Azərbaycanı inkişaf etdirərək irəliyə aparır.

Böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyev adını tarixə müstəqilliyimizin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdılar. 

Azərbaycan bu illər ərzində torpaqlarımızın işğaldan azad edilməsi üçün hazırlıq işləri apardı və istəyinə nail oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrından 9 noyabr tarixinə qədər davam edən 44 günlük Vətən Müharibəsində tarixi Zəfərə imza atdı, ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdi. Azərbaycan xalqının 30 illik torpaq həsrətinə son qoyuldu.

Həmçinin 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həmin ərazilərdə - Xocavənd, Əsgəran, Xocalı, Ağdərə, Xankəndi şəhərlərində Azərbaycan bayrağı qaldırıldı. Bu gün Azərbaycan Bayrağı işğaldan azad olunmuş bütün ərazilərimizdə qürurla dalğalanır.

Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi. Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər ilə bütün şəhidlərimizin narahat ruhları dinclik tapdı. Şəhidlərimizin qanı yerdə qalmadı, qisası alındı. 

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri geniş vüsət alıb. Yeni infrastruktur layihələri uğurla icra edilir. 

Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq, qalib dövlət kimi əbədi yaşayacaq.

Daha sonra tədbir konsert proqramı ilə davam etdirildi, vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi.