Azərbaycan bu gün beynəlxalq müstəvidə böyük önəmə sahib ölkədir.
"Unikal" xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Zirvə görüşündə deyib.
O çıxışında Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib: "Bu gün qardaş və dostlarımla bir məkanda olmaqdan böyük şərəf duyuram. Laçında birgə dalğalanan Azərbaycan, Türkiyə, Pakistan bayraqlarını görmək insanın içini qürur hissi ilə doldurur. Biz tərəfdaşlığımızı daha da irəli daşımaq arzusundayıq. Çünki bizim birgə dəyərlərə əsaslanan dərin tarixi əlaqələrimiz var. Biz Qarabağ, Kəşmir və Şimali Kiprlə bağlı birgə mövqedən çıxış edirik.
Bugünkü dünyamızda ciddi çağırışlar, iqtisadi böhranlar, siyasi çağırışlar mövcuddur. Belə bir şəraitdə Pakistanın bəxti gətirib ki, Azərbaycan və Türkiyə kimi qardaşları var. Siz dağ kimi arxamızda dayanmısınız. Biz sülh və ədaləti həmişə üstün tutacağıq. Zamanın sınağından keçmiş münasibətimiz xalqlarımızın rifahına xidmət edəcək. Bu görüş isə bizə siyasi zərurət və qarşılıqlı maraq doğuran sahələrdə irəliləmək üçün platforma verir".