Göygöl rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Suveren və yaşıl dünyanın gələcək innovativ qurucuları” adlı uşaq musiqili festival və innovativ sərgi təşkil olunub.
"Unikal" xəbər verir ki, Göygöl şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Aqrar İnnovasiyalar Mərkəzi, Azərbaycan Dövlət Aqrar Universiteti, İnnovasiyalar Mərkəzi, Bilim Bakı mərkəzi, NORM ASC, "SİMART" Sağlam İnkişaf Platforması, 4 SİM, Milli Təhsil Texnologiyaları Mərkəzi, İnkişaf Korporasiyası, Respublika Süni Mayalanma Mərkəzi, Heyvandarlıq Elmi Tədqiqat İnstitutu, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, ATİAHİ Göygöl rayon komitəsi, AREA, İNNOBALA tərəfdaş təşkilatların dəstəyi ilə keçirilən tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Aqrar İnnovasiyalar Mərkəzinin direktor müavini Toğrul Qafarbəyli, AMEA-nın Gəncə bölməsinin əməkdaşı Prezident mükafatçısı Elnur Həsənov, 4 SİM İnsan kapitalı layihələri üzrə baş menecer Sadiq Şahbazov, “SİMART” sosial layihəsinin meneceri Zəhra Həşimova, rayon ictimaiyyəti, şəhid və qazi övladlar, rayon məktəbliləri və məktəbdənkənar müəssisələrinin balaca fidanları iştirak ediblər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev uşaqları bayram münasibəti ilə təbrik edərək, onlara xoş arzularını çatdırıb və qeyd edib ki, bu əlamətdar gün bütün dünyada olduğu kimi, Azərbaycanda da uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Uşaqlar cəmiyyətimizin gələcəyidir və onların hüquqlarının qorunması, rifahının təmin olunması hər birimizin əsas vəzifəsidir. Dövlətimiz tərəfindən bu istiqamətdə mühüm tədbirlər görülür və uşaqların sağlam, təhlükəsiz və xoşbəxt mühitdə böyüməsi üçün geniş imkanlar yaradılır.
Tədbirdə Aqrar İnnovasiyalar Mərkəzi tərəfindən müxtəlif sahələrə aid startaplar, HETİ və Süni Mayalanma Mərkəzinin müxtəlif növ heyvanların canlı nümayişi, SİMART, Bakı Bilim, AREA, İNNOBALA və bir çox nəşriyyatların təqdimatında uşaqlar üçün maraqlı olan robotexnika, dron və kitabların sərgisi, “Fazzi” kitabının müəllifi Ceyhun Salmanla məktəblilərin kitabla bağlı "oxucu-müəllif" sual-cavab və imzalama saatı, rayonun ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar müəssisələrinin, “İrəvan İdman Klubunun” və Mədəniyyət Mərkəzinin xüsusi istedadı, bacarığı ilə seçilən uşaqların rəngarəng çıxışları və təqdimatları yer alıb.