Dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin üzvü Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmənin sonuncu baxış iclası keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunaraq Z.Əsgərov 5 il 6 ay, G.Mirzəyev isə 5 il 7 ay 2 gün müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror Zaur Əskərov və Gündüz Mirzəyevin hər birinin 7 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

Qeyd edək ki, Zaur Əsgərov və Gündüz Mirzəyev martın 7-də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham irəli sürülüb. Cinayət işinin istinaqı Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb.

Seymur Əli