Gəndov-Yalama avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi zamanı vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. 

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Müəyyən olunub ki, “QAZ-3110”, “Kia Rio” və “Mitsubishi Pajero” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. “Kia Rio”da olan sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə Şabran rayonunun Uzunboyad kənd sakini 1988-ci il təvəllüdlü Əliyeva Təranə Cəfər qızını avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.