İran MAQATE-nin ona qarşı ittihamlarla bağlı qətnamə qəbul etməsinə baxmayaraq, uranın zənginləşdirilməsindən əl çəkməyəcək.

"Unikal" xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.

Onun sözlərinə görə, İran “planlaşdırılmış yoldan əl çəkməyəcək, zənginləşdirmə davam edəcək”.

"Obyektlərimiz bombalansa belə, biz biliyi saxlayacağıq. Onların məhv etdiyi hər şeyi bərpa edəcəyik", - deyə İran lideri bildirib. O, MAQATE-nin Rəhbərlər Şurasının qətnaməsini zərərli adlandırıb.

Bundan əvvəl Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov MAQATE-nin Rəhbərlər Şurasının qətnaməsinin qəbul edilməsi barədə məlumat vermişdi və bu qətnaməyə əsasən, İran nüvə silahının yayılmaması ilə bağlı öhdəliklərini pozub. Rusiya, Çin və Burkina Faso sənədin əleyhinə səs verib.