"Sionist rejimin hücumları davam edərkən, İran İslam Respublikasının təzyiq altında ağılsız tələbləri və ikili standartları qəbul edəcəyini və ya danışıqlar masası arxasına əyləşəcəyini təsəvvür etmək yanlış fikirdir". 

"Unikal" xəbər verir ki, bunu İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian Fransa lideri Emmanuel Makronla telefon danışığı zamanı deyib. 

Prezident bildirib ki, İran öz əqidəsinə əsaslanaraq və Ali Rəhbərin fətvasına arxalanaraq heç vaxt nüvə silahı əldə etməyə cəhd göstərməyib: "İran İslam Respublikası dialoq və qarşılıqlı fəaliyyət yolu ilə hər zaman anlaşma və razılığa gəlməyə hazır olub.

Biz hər zaman məsələləri diplomatik yolla həll etməyə üstünlük vermişik.

Amerikalılar danışıqlar zamanı həmişə vurğulayıb ki, sionist rejim onların koordinasiyası və icazəsi olmadan heç bir təcavüz etməyəcək və buna görə də aydındır ki, indiki hücumlar da Amerikanın koordinasiyası və yaşıl işığı ilə həyata keçirilir və istəsələr, bu rejimi öz yerinə otuzdura bilərlər".

Fransa prezidenti isə telefon danışığında Fransanın nüvə probleminin həlli prosesində daha fəal əməkdaşlığa hazır olduğunu bəyan edərək bildirib: "Fransa İsrailin İrana hücum etmək niyyətindən xəbərsiz idi və bu məsələdə iştirak etmədi, ona görə də ümid edirik ki, bu hadisələr bizim aramızdakı əməkdaşlıq və əlaqələrə xələl gətirməyəcək.

Fransa İsrailin də Qəzzaya hücumlarına qarşı sərt mövqe nümayiş etdirib və bu yanaşmanı davam etdirib". 

Ağarza Elçinoğlu