Püşkatmadan sonra hər bir komanda rəqibə uyğun öz analizini aparır.
"Unikal" xəbər verir ki, bu sözləri UEFA Konfrans Liqasında “Sabah”la qarşılaşacaq Sloveniyanın “Tselye” komandasının baş məşqçisi Albert Riyera klubun rəsmi saytına açıqlamasında deyib.
İspaniyalı tanınmış mütəxəssis “Sabah”ı hərtərəfli təhlil etmək üçün kifayət qədər vaxtlarının olduğunu bildirib: “Komandalar çempionat və kubok vasitəsilə Avropa Liqasına vəsiqə qazanır. Bu da onların ciddi rəqib olması anlamına gəlir. Avropadakı ilk sınağımız “Sabah”a qarşı olacaq. Planlar qururuq. Bu oyunlarda qalib gələcəyimizə inanırıq. Çünki ötən il Konfrans Liqasında ciddi kollektivlərə qarşı layiqli mübarizə aparmışıq”.
Qeyd edək ki, Azərbaycan Kubokunun son qalibi “Sabah” "Tselye" ilə ilk matçına iyulun 10-da evdə, cavab qarşılaşmasına bir həftə sonra səfərdə çıxacaq. II raundun görüşləri isə iyulun 24-ü və 31-də keçiriləcək.