Müdafiə Nazirliyinin mülki əməkdaşı olmuş Zahid Niftəliyevin (Şlyapa Zahid) 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə baxışı keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxsin vəkili Əli Adıgözəlov məhkəməyə vəsatət verərək müvəkkilinin mobil telefonunun anten məlumatlarının əldə olunmasını istəyib:
"Zahid Niftəliyev deyir ki, o, nə kredit üçün müraciət edib, nə də sözügedən bankda olub. Biz onun anten məlumatlarının, telefon danışıqlarının əldə olunmasını istəyirik ki, müəyyən edək, o, banka gedib ya yox”.
Vəsatət təmin olunmayıb.
Vəkilin növbəti vəsatəti MN-nin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun, ləğv edilmiş "AtaBank"ın idarə heyətinin keçmiş sədri Dəyanət Quliyevin və həmin bankın kassiri Barat Hüseynovun məhkəməyə çağırılması ilə bağlı olsa da, məhkəmə bunu da təmin etməyib.
Daha sonra Mahir Rəfiyevin ibtidai istintaqa verdiyi ifadə elan olunub. O, bildirib ki, "AtaBank"ın səhmdarlarından biri olub. Keçmiş vergilər naziri Fazil Məmmədovun göstərişi ilə Ata Bankdan Nəcməddin Sadıkovun göndərdiyi şəxsə kreditin təyin olunmasını təmin edib. O, Nəcməddin Sadıkovun göndərdiyi "Şahin-CO"nun təsisçisi olduğunu bildiyi Zahid Niftəliyevə krediti təyin edib.
Z.Niftəliyev bildirib ki, o iki dəfə şirkətin ləğv olunması ilə bağlı olduğu deyilən sənədləri imzalayıb: "İndi mən başa düşdüm ki, onlar mənə oyun oynayıblar. Mən Fazil Məmmədov işdən çıxandan sonra bildim ki, adıma kredit var".
Hakim Mahir Rəfiyevin məhkəməyə çağırılmasına ehtiyac olmadığını bildirərək vəsatəti təmin etməyib.
Növbəti proses iyunun 25-nə təyin olunub.
Qeyd edək ki, Zahid Niftəliyev rüşvətalma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib.
Azadlığa buraxıldıqdan sonra o, DTX-nin İstintaq baş idarəsi tərəfindən həbs edilib.
İstintaq dövründə Gəncə Apelyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq "AtaBank" ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.
İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə "AtaBank" ASC-yə müvafiq məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub.
O, götürülmüş kreditin ləğv prosesində olan "AtaBank" ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.
Seymur Əli